“Putin görüşdə iştirak etmək istəməyəcək” Gündəm

“Putin görüşdə iştirak etmək istəməyəcək”

“G20 sammitində Rusiya və Ukrayna liderlərinin bir araya gəlməsi mümkündür, amma bu, problemlərin danışıqla həll ediləcəyi mənasına gəlmir. Ümumiyyətlə, hazırda Ukrayna və Rusiya liderlərinin görüşünə dair çoxsaylı məlumatlar var. Əlbəttə, bunların heç də hamısı əsassız və iddia xarakterli deyil. Belə bir versiyalar var, görüşmə imkanları da var. Amma bu görüş hansısa tədbir kontekstindədir. Bizim buradan əsas gözləntimiz və həlli olacaq görüş bu tipdə görüş deyil. Yəni bu, neytral bölgədə tərəflərin bir araya gəlməsinə dair görüşdür. Hesab edirəm ki, hələlik belə bir şey yoxdur. ABŞ bu görüşlərdə maraqlıdır. Çünki Vaşinqton istəyir ki, tərəflər problemləri həll etsin və o, İran məsələsinə fokuslana bilsin”.

Bunu xalqcebhesi.az-a politoloq Turan Rzayev deyib.

Politoloq bildirib ki, G20 kontekstində görüş baş tuta bilər, liderlər bir araya gələ bilər, amma iki tərəfdən biri görüşə gəlməyə də bilər: “Məncə Putin görüşdə iştirak etmək istəməyəcək. Putin hələ də özünü daha üst mövqedən aparır. Burada əsas problem danışıqların baş tutması və yaxud da tərəflərin bir araya gəlməsi deyil, daha çox liderlərin görüşlərə maraqlı olub və burada konsult danışıqlara getməsidir. Bu tip münaqişələrdə bir tərəf əzici üstünlüyünü göstərməyə çalışırsa, digər tərəf isə öz mövqeyini qorumağa çalışırsa, bu, nəticəsiz görüş olur, yəni həmin nəticə dalana dirənmiş olur. Ona görə kompromis variantı olmalıdır”.

T.Rzayevin sözlərinə görə, ABŞ yekunda tərəfləri bir araya gətirə bilsə və razılığa gəlinsə, bu razılıq çox böyük ehtimal mövcud vəziyyətdə atəşkəsin imzalanması olacaq, yəni yekun sülh olmayacaq: “Ümumiyyətlə, mənim proqnozum həmişə bu yöndə olub ki, Ukrayna ərazilərinin işğal vəziyyəti ilə barışacaq və Putin sonrası dönəmdə artıq vəziyyətinə fokuslanmalıdır. İndiki reallıqlarda Rusiyanın işğalını bitirmək mümkün deyil. Burada əsas məsələ kompromisdir və düşünürəm ki, ABŞ tərəfləri belə bir sülhə razı salacaq və sonrakı mərhələyə buraxılacaq. Əslində, ən ağıllısı odur. Ukrayna öz yaralarını sarmalı, gücünü bərpa etməli və daha sonra Rusiyanın başına Putindən daha zəif iradəli birinin keçməsi halında əməliyyatlara başlamalıdır”.

Röya İsrafilova