
Azərbaycanın müasir dövlətçilik salnaməsinə qızıl hərflərlə həkk olunmuş 20 sentyabr tarixi xalqımızın milli qürur və şərəf günüdür. Prezident İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə təsis edilən Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ölkəmizdə böyük təntənə və yüksək ruhla qeyd olunur. Bu əlamətdar gün 30 illik həsrətə son qoyan, suverenliyimizi tam bərpa edən tarixi Zəfərimizin rəsmi təsdiqidir. Bu qürurverici təqvimin arxasında 30 illik məşəqqətli gözlənti, minlərlə azərbaycanlı igidimizin canı və qanı bahasına qazanılmış böyük fədakarlıq dayanır. 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal xarakterli antiterror tədbirləri nəticəsində Ermənistanın və qondarma rejimin terrorçu silahlı birləşmələrinin qalıqları tərk-silah edilərək torpaqlarımızdan birdəfəlik çıxarıldı, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin olundu.
Xalqcebhesi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.
K.Bayramov qeyd edib ki, 2023-cü il oktyabrın 15-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xankəndinin mərkəzi meydanından xalqa müraciət edən dövlət başçısı tarixi vədlərin yerinə yetirilməsini bu sözlərlə bəyan etdi:
"Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam... Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi."
Deputat diqqətrə çatdırıb ki, 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Paradın məhz Xankəndidə keçirilməsi xüsusi rəmzi məna daşıyırdı. Uzun illər işğal altında qalan bu şəhərdə Azərbaycan Bayrağının dalğalanması, Azərbaycan Ordusunun hərbi texnikalarının nümayiş etdirilməsi və hərbçilərin keçidi tarixi ədalətin bərpasının əyani ifadəsi idi. Bu mənzərə Azərbaycan xalqının illər ərzində gözlədiyi günün reallığa çevrildiyini göstərirdi. Prezident İlham Əliyev Xankəndidə keçirilən hərbi paradda çıxışı zamanı Vətən müharibəsində qazanılan Zəfərin mahiyyətinə toxunaraq bildirib:
“Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdı. Beləliklə, İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Bu, tarixi hadisədir. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq. Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl - 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan Bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi.”
Prezidentin çıxışında səsləndirdiyi bu fikirlər Zəfərin yalnız hərbi qələbə olmadığını, eyni zamanda, uzun illər davam etdirilən məqsədyönlü dövlət siyasətinin nəticəsi olduğunu göstərirdi. Dövlət başçısının illər əvvəl xalq qarşısında verdiyi vədi xatırlatması isə bu baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Çünki Azərbaycan bayrağının işğaldan azad edilmiş ərazilərdə dalğalanacağı ilə bağlı səsləndirilən fikirlər sonradan real hadisələrlə öz təsdiqini tapdı. 2018-ci ildə Bakının Azadlıq meydanında keçirilən hərbi paradda “Gün gələcək, Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır” sözlərinin səslənməsindən beş il sonra həmin bayrağın Xankəndidə dalğalanması dövlət siyasətindəki ardıcıllığın və siyasi iradənin göstəricisidir.
Xankəndidə təşkil edilən parad məhz bu baxımdan sadəcə hərbi tədbir deyil, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsinin simvolik ifadəsi idi. Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycan xalqının milli iradəsinin, ordumuzun gücünün və dövlətin qarşıya qoyduğu strateji məqsədlərə sadiqliyinin nəticəsi kimi tarixə düşdü. Xankəndidəki hərbi parad isə bu Zəfərin yaratdığı yeni reallığın nümayişi olmaqla yanaşı, xalqımızın uzun illər gözlədiyi tarixi anın təntənəsini əks etdirirdi. Bu baxımdan Xankəndi paradının əsas mahiyyəti yalnız hərbi texnikanın və ordunun gücünün nümayiş etdirilməsi ilə məhdudlaşmırdı. Parad Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə çatdığını, illərlə qorunan milli arzunun gerçəkləşdiyini və üçrəngli Bayrağın Qarabağın hər guşəsində dalğalandığını göstərən tarixi hadisə kimi yadda qaldı.
K.Bayramov vurğulayıb ki, İşğaldan azad edilmiş ərazilərdə yeni həyatın qurulması yalnız dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı layihələr regionun sosial-iqtisadi simasını dəyişməklə yanaşı, burada dayanıqlı inkişaf üçün zəruri olan institusional və insan kapitalının formalaşdırılmasını da gündəmə gətirir. Bu baxımdan Xankəndidə Qarabağ Universitetinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri və əmək bazarının gələcək tələbləri regionda yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını zəruri edir.
Məhz bu ehtiyac nəzərə alınaraq, Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində "Qarabağ Universiteti" publik hüquqi şəxsi yaradılmışdır. Universitetin fəaliyyətə başlaması Qarabağda yeni mərhələnin mühüm göstəricilərindən biridir. Çünki burada məqsəd yalnız ali təhsil imkanlarının yaradılması deyil, həm də regionun gələcək inkişafına töhfə verəcək kadr potensialının formalaşdırılmasıdır. Başqa sözlə, Qarabağın yenidən qurulması prosesi ilə təhsil siyasəti arasında birbaşa əlaqə yaradılır və regionun iqtisadi inkişafının insan kapitalı ilə təmin olunmasına zəmin formalaşdırılır.
K.Bayramov əlavə edib ki, bu gün isə işğaldan azad edilmiş ərazilərdə görülən işlərin nəticəsi ən aydın şəkildə məskunlaşma prosesində özünü göstərir.
Bərpa edilmiş yaşayış məntəqələrinə insanların qayıdışı Böyük Qayıdış siyasətinin praktiki nəticəsidir. Yeni yolların, yaşayış komplekslərinin, məktəblərin, xəstəxanaların, inzibati binaların və digər sosial obyektlərin inşası ilə paralel olaraq əhali üçün normal həyat şəraiti yaradılır. Burada şəhərlərin və kəndlərin yenidən salınması, insanların doğma yurdlarına qayıdışı, təhsil və idman infrastrukturunun yaradılması, yeni idarəetmə mexanizmlərinin formalaşdırılması və iqtisadi potensialın hərəkətə gətirilməsi vahid prosesin tərkib hissələridir. Əslində, Qarabağın dirçəlişinin əsas mahiyyəti də bundan ibarətdir: vaxtilə işğal nəticəsində həyatın dayandığı ərazilərdə bu gün yenidən həyat qurulur. Xankəndidə universitetin fəaliyyətə başlaması, futbol matçının keçirilməsi, Ağdərə rayonunun yenidən bərpa edilməsi və minlərlə insanın öz doğma torpaqlarına qayıtması Zəfərin nəticələrinin artıq gündəlik həyatın bütün sahələrində hiss olunduğunu göstərir. Bu, hərbi Qələbənin quruculuq, inkişaf və Böyük Qayıdış mərhələsi ilə tamamlanmasının bariz ifadəsidir.
Cavid