Pakistan İrandan hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmağı xahiş edib Dünya

Pakistan İrandan hüsilərin Səudiyyə Ərəbistanına hücumlarını dayandırmağı xahiş edib

Pakistan ordusunun baş komandanı Asim Munir İrandan Yəmənin üsyançı "Ənsar Allah" (hüsilər) hərəkatına təsir göstərməsini və onların Səudiyyə Ərəbistanına hücumlarını dayandırmasını xahiş edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" (FT) qəzeti məlumat yayıb.

Nəşrin mənbələrinin sözlərinə görə, Munir İslamabadın Ər-Riyad qarşısındakı öhdəliklərinə istinad edərək, lakin konkret hədələrə əl atmadan, İran rəhbərliyindən hüsilərin Səudiyyə Ərəbistanına və onun energetika infrastrukturuna hücumlarının dayandırılması üçün köməklik göstərməsini dəfələrlə xahiş edib.

Nəşrin mənbələrindən biri həmçinin qeyd edib ki, aprel ayında Səudiyyə Ərəbistanının şərqindəki aviasiya bazasında qırıcılar yerləşdirən İslamabad "çətin vəziyyətdədir". Pakistan 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə endirdiyi hava zərbələrinə qoşulmaqdan imtina etsə də, hazırkı maliyyə çətinlikləri krallıq qarşısındakı müttəfiqlik öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmağı mürəkkəbləşdirir. Bununla belə, Pakistan XİN nümayəndələri daha əvvəl Səudiyyə Ərəbistanını dəstəkləmək üçün potensial hərbi tədbirləri açıq şəkildə bəyan etməkdən imtina etmişdilər.

Məryəm Quliyeva