“TDT-nin güclənməsi qlobal sabitliyin və iqtisadi inkişafın təmin olunmasına töhfədir” Siyasət

“TDT-nin güclənməsi qlobal sabitliyin və iqtisadi inkişafın təmin olunmasına töhfədir”

“Sentyabrın 17-də Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh şəxslərlə görüşdə TDT-nin strateji hədəfi və inkişaf yolu haqqında çox geniş çıxış etdi. Əsası 2009-cu ildə qoyulmuş Türk Dövlətləri Təşkilatı 20 ilə yaxın bir dövrdə böyük inkişaf yolu keçərək beynəlxalq əhəmiyyətli platformaya çevrilmişdir. TDT-nin digər beynəlxalq təşkilatlardan fərqi ondan ibarətdir ki, burada təmsil olunan dövlətlər ortaq tarixə, dilə və etnik köklərə malikdir. O cümlədən, yerləşdiyimiz coğrafiya Asiyadan Avropaya qədər uzanır və Azərbaycan bu təşkilatda bir körpü olaraq mərkəzdə yerləşir. Məhz Azərbaycan Respublikasının Prezidentinin təşəbbüsü ilə TDT-nin qeyri-rəsmi sammitləri də keçirilməklə TDT liderləri ildə iki dəfə bu platformada görüşürlər. Bu, ilk növbədə, ölkələrimiz arasında inteqrasiyanı sürətləndirir və siyasi, iqtisadi və humanitar sahələrdə daha sürətli inteqrasiyaya yol açır. Dövlət başçılarımızın görüşləri ölkələrimiz arasındakı münasibətlərin inkişafına yeni impuls verir”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputat diqqətə çatdırıb ki, TDT ölkələri böyük coğrafiyaya, demoqrafik potensiala və təbii resurslara malik olmaqla böyük imkanlara sahibdirlər: “Bu təşkilata daxil olan ölkələr arasında investisiya fondunun yaradılması qarşılıqlı investisiya layihələrinin icrasını genişləndirir. Azərbaycanın bu təşkilata daxil olan ölkələrlə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında sənədlər imzalanıb. Bu, bizə hərtərəfli əməkdaşlığın genişləndirilməsinə imkan verir. Amma bununla yanaşı, TDT-yə daxil olan ölkələrin milli təhlükəsizlik məsələlərinin təmin olunması da çox vacibdir. Bu baxımdan, dövlət başçımızın qeyd etdiyi məqamlara xüsusi diqqət ayrılmalıdır. Bu gün dünyada turbulentliyin dərinləşdiyi bir dövrdə TDT ölkələrində sabitlik hökm sürür. Bu sabitlik bütün uğurlarımızın təməlində dayanır və biz bunu qorumalıyıq. Bu baxımdan, gənclərimizi milli-mənəvi dəyərlərə, vətənpərvərlik prinsiplərinə və milli ruhumuza sadiqlik ruhunda tərbiyə etməliyik. Ona görə də gənclərimiz arasında əlaqələrin genişləndirilməsi və TDT daxilində vahid prinsiplər ətrafında cəmləşməyimiz mühüm əhəmiyyət daşıyır”.

A.Badamovun sözlərinə görə, dövlət başçımızın qeyd etdiyi kimi, bu gün təhlükələr yalnız fiziki xarakter daşımır, həm də ideoloji təhlükələr artmaqdadır: “Bu gün media strukturlarında təxribatyönümlü informasiyaların yayılması, insanları düzgün yoldan çıxararaq dövlətləri zəiflətmək siyasəti genişlənir. Bu gün biz TDT-yə daxil olan ölkələr olaraq bunu daha geniş hiss edirik. Çünki bizim ölkələrimizdə sabitlik və inkişaf var və bundan narahat olan dairələr mövcuddur. Ona görə də biz bu sabitliyi və inkişafı qorumalıyıq. Bu baxımdan, gənclər arasında konfransların və görüşlərin keçirilməsi, aktual mövzuların gündəmə gətirilməsi mühüm əhəmiyyət daşıyır. Gənclərimiz arasında əlaqələr daha da genişləndirilməli, onları ortaq milli-mənəvi dəyərlər və ümumi gələcək ideyası ətrafında birləşdirən layihələrə üstünlük verilməlidir. Biz həm də mühüm bağlantı layihələrinə və enerji resurslarına malikik. Enerji resurslarımızı beynəlxalq bazarlara çıxarırıq və Mərkəzi Asiyada yerləşən TDT dövlətlərinin enerji resurslarının da təhlükəsiz şəkildə dünya bazarlarına çıxmasına töhfə veririk. Orta Dəhliz ətrafında birləşməyimiz Asiyadan Avropaya qədər ticarət-iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verməyimizə imkan yaradıb”.

O əlavə edib ki, TDT-nin güclənməsi təkcə təşkilata daxil olan dövlətlərin inkişafına deyil, həm də qlobal sabitliyin və iqtisadi inkişafın təmin olunmasına töhfə verir: “Prezident İlham Əliyevin qeyd etdiyi kimi, əsas hədəf Türk Dövlətləri Təşkilatını aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməkdir. Bunun üçün siyasi iradə, böyük iqtisadi və demoqrafik potensial, ortaq tarixi və mədəni bağlar mövcuddur. Əsas məsələ bu potensialı düzgün istiqamətləndirmək, əməkdaşlığı daha da dərinləşdirmək və təhlükəsizlik məsələlərində birgə fəaliyyət mexanizmlərini gücləndirməkdir”.

Röya İsrafilova