Nəsiman Yaqublu BDU-nun ilk tələbə və müəllimləri ilə bağlı kitab yazır Hadisə

Nəsiman Yaqublu BDU-nun ilk tələbə və müəllimləri ilə bağlı kitab yazır

"Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan Cümhuriyyətinin xalqımıza ən böyük hədiyyəsidir.
Bu universitetin yaradılması ilə Azərbaycan Cümhuriyyətinin yaradıcıları sübut etdilər ki, onlar həm də elmi əsaslarla inkişaf edən bir cəmiyyət qurdular. Bu da dövlətimiz üçün çox əhəmiyyətlidir".
Bu barədə tarixçi alim Nəsiman Yaqublu məlumat verib.
Qeyd edək ki, bu il nüfuzlu elm və təhsil ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur.
Universitetin yubileyi ilə bağlı danışan Nəsiman Yaqublu öz maraqlı təklifini də bizimlə bölüşdü:
"Universitetin ilk tələbələri, müəllimləri haqqında bir kitab yazmağı düşünürəm. İlk tələbələri, müəllimləri kimlər olub, tədris proqramı necə olub, hansı dərslər keçirilib?!
O tələbələrin bəziləri Azərbaycan Sovet işğalına məruz qaldıqdan sonra xarici ölkələrə gediblər. Onların müəyyən xatirələri, yazıları var. Onları da kitaba daxil etməyi düşünürəm. Artıq araşdırmalara başlamışam.
Lakin kitabın nəşrinə kimin köməklik edəcəyini hələ bilmirəm. Bu məsələ hələ ki, həll edilməyib. Bu məsələni də həll etsəm, çalışmalarımı tamamlayacağam. Düşünürəm ki, bu kitab oxucular tərəfindən çox böyük maraqla qarşılanar və dövlətimiz üçün də faydalı olar".
Məhəmməd Əmin Rəsulzadə kimi bir şəxsiyyətin Bakı Dövlət Universitetində müəllim kimi çalışmasını və Osmanlı ədəbiyyatından dərs deməsini vurğulayan tarixçi bir arzusunu da dilə gətirdi:
"Universitetin qarşısında kiril hərfləri ilə M.Ə. Rəsulzadənin büstünün qoyulacağı elanı var. Arzu edirəm ki, yaxın illərdə bu elan gerçəkləşsin. Heç olmasa, o elan latın əlifbasına çevrilsin".