Sonu ölümlə bitən sorğu-suallar Hadisə

Sonu ölümlə bitən sorğu-suallar

Mədinə xanım Vəkilovanın başına gələn dəhşətlər

IV yazı

Vəkilov Zəkəriyyə danışdı ki, müsavatçılardan iki nəfər - İdris Axundovun qardaşı İbrahim Axundov və Əlövsər Nəcəfov aclıq zamanı öldülər. Aclıqdan sonra düşərgənin rəhbərliyi güzəştə getdi və müsavatçı məhbuslar üçün başqa bir rejim tətbiq elədi. Zəkəriyyə məlumat verdi ki, o özü, Baharlı, Rəhim Vəkilov və İsfəndiyar Vəkilov aclıqda şəxsən iştirak eləyiblər.
Sual: Moskvada Butır həbsxanasının divarlarındakı əksinqilabi yazılar barədə hardan xəbər tutmusunuz?
Cavab: Bu barədə heç nə bilmirəm.
Sual: Siz qeyri-səmimi ifadələr vermək yoluna qədəm qoyursunuz? İstintaq sizi xəbərdar edir ki, Maksim Qorki düşərgəyə gələndə müsavatçıların oradakı davranışları barədə sizin nələr danışdıqlarınız da bizlərə məlumdur. İstintaq düzgün ifadələr verməyinizi tələb edir.
Cavab: Bu barədə mənə kiminsə nəsə dediyini xatırlayıram. Lakin onun məhz kim olduğu yadıma düşmür. Mənə danışmışdılar ki, M.Qorki düşərgəyə gələndə və məhbusların vəziyyəti ilə tanış olmaq istəyəndə müsavatçılar cəzalanmaqdan qorxaraq heç nə deməyiblər. Müsavatçılardan biri məhbusların keçirdikləri məşəqqətlər və məhrumiyyətlər barədə Maksim Qorkiyə məktub verib. Sonra düşərgə rəhbərliyi həmin "qoçağı" cəzalandırıb.

***

...Bundan sonra Mədinə xanımı bir həftə dindirmədilər. Dekabrın 16-da ikinci istintaq başlamışdı. Ondan Seyid Hüseyn, Əhməd Cavad barədə sorğu-sual edirdilər. Mədinə xanım o vaxt üçün qəzetlərdən hamıya məlum faktları onun da bildiyini, lakin bu deyilənlərə əlavə olaraq onların hər hansı fəaliyyətləri barədə heç nə bilmədiyini söyləyir. Doktor Abbas bəyi də tanıdığını söyləyir, amma müsavatçı kimi yox. Sonra keçmiş müsavat naziri Mustafa Vəkilov barədə sorğu-sual başlanır.
Sual: Müsavatçı Mustafa Vəkilovu tanıyırsınız?
Cavab: Bəli, tanıyıram. Mustafa Vəkilov mənim əmim oğludur. Onun müsavatçı olduğu doğrudur.
Sual: Mustafa Vəkilov indi haradadır?
Cavab: 1920-ci ilin aprel inqilabı zamanı Türkiyəyə mühacirətə gedib. İndi haralarda olduğunu bilmirəm.
Sual: Mustafa Vəkilov mühacirətə getdikdən sonra onunla əlaqə saxlamısınızmı?
Cavab: Xeyr.
Sual : Doğru demirsiniz. İstintaqa məlumdur ki, Mustafa Vəkilova Siz, misal üçün, öz oğlunuzun fotoşəklini göndərmisiniz. Bunu etiraf edirsinizmi?
Cavab: 1925-ci ildə Bakıda I Türkoloji qurultay çağırılmışdı. Professor Hüseynzadə Türkiyədən bu qurulataya gəlmişdi. Gedəndə ondan xahiş elədim ki, əgər Mustafa Vəkilovu görərsə, oğlumun şəklini ona versin. O, mənim bu xahişimi yerinə yetirəcəyinə söz verdi.
Sual: Bundan sonra Mustafa Vəkilov haqqında başqa bir məlumatınız olmayıb?
Cavab: Xeyr.
Sual: Əgər belədirsə, onda Mustafa Vəkilovun Sürəyya Talıbxanbəyli ilə evləndiyini hardan bilirsiniz?
Cavab: Bunu 1930-31-ci ildə Sürəyyanın xalası Novruzova Fatma xanımdan eşitmişdim.
Sual: Bu sizə daha hansı mənbədən məlum idi?
Cavab: 1932-ci ilin payızında küçədə qazaxlı Həsən Rəsulzadə ilə rastalaşdım. O, dükançı Məşədi Rəsulun oğludur, İran təbəəsidirlər. Berlində oxuyur, orada təhsilini başa vurub İstanbul və SSRİ yolu ilə İrana gedirdi. Mənimlə rastlaşanda Həsən Rəsulzadə danışdı ki, İstanbulda Əziz Seyidovu görüb, Mustafanın Sürəyya Talıbxanbəyli ilə evləndiyini ondan eşidib.
Sual: Müsavatçıların xaricdəki vəziyyətləri barədə Həsən Rəsulzadə daha nə danışdı?
Cavab: Başqa heç nə demədi.
Sual: Bəs Mustafa Vəkilovun Türkiyədə olması, orada redaksiyada işləməsi sizə haradan bəllidir?
Cavab: Bunu bilirəm. Sürəyya haqqında mənə məlumdur ki, o, dayısı Hüseyn Camalla 1925-ci ildə Türkiyəyə gedib. Oradan mənə məktub yollamışdı, lakin cavab yazmadım.
... Mədinə xanımın bu dediklərinə inanmırlar. DSİ-nin əlinə həmin vaxtlar Xalq Torpaq Komissarlığında işləyən və xidməti vəzifəsi ilə bağlı olaraq tez-tez İrana gedib-gələn, yaxın adamlarının arasında "Məşədi" adlandırılan Novruz Ağayevin xaricdəki Müsavat mərkəzinin İran vasitəsi ilə göndərdiyi bir məktub keçmişdi. Mustafa Vəkilov Mədinə xanıma yazırdı: "Salam göndəririk. Yoldaşlarımızın taleyindən nigaranıq. Cavanları qoruyun, lüzumsuz qurbanlar gərək deyil. Bizim haqqımızda bütün məlumatları bu məktubu gətirən adam çatdıracaq".
Dekabrın 17-19-da keçirilən istintaqda Platonov Mədinə xanımın siyasi görüşlərinin hardan qaynaqlandığını bilmək istəyirdi. Mədinə xanım açıqca cavab verir ki, əhatəmdə Rəhim və Mustafa kimi əqidəli müsavatçılar vardı və bu ona gətirib çıxarıb ki, o da Müsavata rəğbət bəsləməyə başlayıb.
Daha sonra doktor Qədimovla münasibətlərin üstünə gəldilər.
...Doktor Qədimov hələ 1927-ci ildə gizli fəaliyyətinə görə mühakimə olunmuşdu. O, Mədinə xanımın tələbəsi olmuş bir qızla ailə qurmuşdu. 1930-cu ildə isə şəxsən tanış olmuşdular. ÇK-ya onun Nuxa rayonunda, Qubada müsavatçı qaçaq dəstələri ilə əlaqəsinin olduğu bəlli idi. Onlarda məlumat vardı ki, doktor Qədimov Nuxada Baba Qəbulov, onun atası Abdul Əfəndi, Nəbibəyov və Fərrux Əfəndinin gizli üsyançı təkilatının işində iştirak edir.
ÇK-nı maraqlandıran "Niyə məhz doktor Qədimov gəlib Bakıda ona müraciət etmişdi?"- sualını Mədinə xanım belə cavablandırır: "Zənnimcə ona görə ki, mənim Rəhim Vəkilovla qohum olduğumu bilirdi və görünür, bu zəmində hesab edirmiş ki, belə bir əlaqəni qurmaqda ona kömək edə bilərəm".
Dekabrın 21-də başlanıb dekabrın 23-də bitən üçüncü növbəti dindirmədə onun partiya mənsubiyyəti, partiyadakı işi ilə maraqlanırlar. Mədinə xanım Müsavat Partiyasının üzvü olmadığını bildirir, lakin sürgün edilmiş və ya mühacirətə getmiş müsavatçıların ailələrinə maddi yardım göstərilməsində iştirak etdiyini etiraf eləyir. Etiraf eləyir ki, Cavad bəy Məlik-Yeqanov, onun arvadı Məryəm xanım Bayraməlibəyova və Bədəl bəy Bədəlbəyovla birgə bu işdə bacardıqlarını əsirgəməmişdilər. Hesab edirlərmiş ki, həmin adamlar xalq yolunda əziyyət çəkirlər, odur ki, onların ailələrinə kömək əli uzatmaq vacib işdir. Onlar həyatlarını təhlükəyə ataraq Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Ümgülsüm xanımı, Abbasqulu Kazımzadənin arvadını, Mirzə Bala Məmmədzadənin bacısını işə düzəldiblərmiş ki, onlar işləyib ailələrini dolandıra bilsinlər.
Mədinə xanım həmin vaxtlar sürgündən qayıtmış Əbdül Vahab Məmmədzadə ilə (Yurdsevər) qısa çəkən görüşünü də etiraf edir. Əbdül Vahab vəziyyəti düzgün qiymətləndirərək onlara fəal işlər aparmamağı, kadrları qoruyub saxlamağı məsləhət görmüş, vəsait toplanışına isə etiraz etməmişdi.
Dekabrın 25-26-da gedən sorğu-sualda diqqət mərkəzində artıq həyatda olmayan Rəhim Vəkilov durur.
Sual: Nə üçün o, Tbilisidə yaşamaq qərarına gəlmişdi?
Cavab: Mən bunu bilmirəm.
Sual: Bu barədə sizə bir şey deməmişdi?
Cavab: Xeyr.
Sual: Tbilisiyə köçəndən sonra onunla əlaqə saxlayırdınızmı?
Cavab: Xeyr. Yalnız bir dəfə oğluma məktub yazmışdı.
Sual : Həmin məktubun məzmunu?
Cavab: Məktub sırf ailə xarakterli olub uşaqlarıma dair idi.
Sual: Belə olan halda sizə hardan bəllidir ki, Rəhim Tbilisidə menşevik Qamsaxurdianın köməyi ilə işə düzəlmişdi?
Cavab: Mənə doğrudan da məlum idi ki, Rəhim Tbilisidə menşevik Qamsaxurdianın köməyi ilə işə düzəlib, çünki sürgündə bir yerdə olmuşdular. Bunlar mənə Rəhim Vəkilovun yeznəsi Abdulla bəy Sübhanverdixanova yazdığı məktublarından məlum idi.
Sual: Rəhim Tbilisidə kimin evində qalırdı?
Cavab: Tbilisiyə gedəndən sonra Rəhim Vəkilov Qamsaxurdianın evinə düşmüşdü, bir müddət onun evində qaldı. 1934-cü ilin yayında hardasa kirayənişin qalırdı. Bir ara Cəfər bəy Rüstəmbəyovun evində də qalmışdı.
Daha sonra Platonov öyrənmək istəyir ki, görsün Cəfər bəy İstanbulda yaşayan və Bakıda qətlə yetirilmiş bolşevik Əli Bayramovun işi ilə bağlı qiyabi surətdə ölümə məhkum olunan qardaşı Şəfi bəylə əlaqə saxlayırmı. Axı Aprel çevrilişindən sonra gizli surətdə mühacirətə gedəndə Cəfər bəyin oğlu da əmisi ilə birlikdə getmişdi. Ola bilməz ki, onlar əlaqə saxlamasınlar. Mədinə xanım təmkinlə cavab verir ki, ola bilsin Cəfər bəyin xaricdə oğlu var, ola bilsin onunla, eləcə də Şəfi bəylə əlaqə saxlayır, lakin bu barədə o heç nə bilmir. Platonov habelə Rəhim Vəkilovun Cəfər bəyin evində qalmasının, onların Borjomidə Cəmil bəy Vəzirovla bir bağ evində yaşamalarının da səbəbini bilmək istəyir. Buna da bir qaneedici cavab ala bilmir: "Bildiklərimi Sübhanverdixanovdan (yazıçı Abdulla bəy Divanbəyoğlu -Sübhanverdixanov) 1935-ci ildə vəfat etmiş, bununla da canını onu gözləyən məhbəsdən və güllədən qurtara bilmişdi- İ.U.) öyrənmişdim, özüm bilavasitə yazışmağa macal tapmadım, belə ki, Rəhim Tbilisidə çox az - cəmi bir neçə ay qaldı".
Mədinə xanım etiraf edir ki, 1928-ci ildə Cavad bəydən bir neçə müsavat jurnalı alıb, sonra onları Məşədi Novruza ötürüb. Bu jurnalı oxumasını Platonov "əksinqilabi müsavat cinayəti" kimi tövsif edir.
Yeni ili dar, qaranlıq və nəmli zindanda qarşıladı. 1937-ci ilin yanvarın 3-də başlayan növbəti istintaqada danışıq professor Bəkir Çobanzadənin ətrafında cərəyan edirdi. Ən əvvəl onu soruşdular ki, Çobanzadə onun yanında pantürkist fikirlər söyləyibmi? Cavabı qısadır: "Yadımda deyil".
Mədinə xanımdan onun İsmayıl Ametov barəsində fikri ilə maraqlanırlar:
- İsmayıl Ametov Krımdan 1923-cü ildə Bakıya oxumağa gəlmiş tələbə idi. Mənə Odabaşıdan məktub gətirmişdi. Həmin adamla mən öz növbəmdə 1923-cü ildə - Odabaşının bir qrup tələbəni Krımdan Bakıya ekskursiyaya gətirdiyi vaxt tanış olmuşdum. İsmayıl Ametov sonralar Krıma qayıtdı.
Sonralar - 1927-ci ildə professor Bəkir Çobanzadənin əvvəlki arvadı Dilarə xanım mənə söyləmişdi ki, İsmayıl həbs edilib və Bəkir Çobanzadə onun qayğısına qalır, həbsxanaya yemək aparır...

İsmayıl Umudlu,
araşdırmaçı