İmtahanlarının yeni qaydaları ilə bağlı Naxçıvanda seminar keçiriləcək Hadisə

İmtahanlarının yeni qaydaları ilə bağlı Naxçıvanda seminar keçiriləcək

Fevralın 3-ü saat 11.00-da Naxçıvan Dövlət Texniki Kollecində (Naxçıvan şəhəri, Atatürk küçəsi 31) ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə elmi-metodik seminarlar keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildiriblər ki, seminarlarda Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının müvafiq fənn müəllimləri iştirak edə bilərlər. Plenar iclasda DİM-in Direktorlar Şurasının Sədri Məleykə Abbaszadə ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanının nəticələrinin regional təhlili, ümumi təhsil bazasında buraxılış və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarından danışacaq.
Azərbaycan dili fənni üzrə seminarda DİM-in şöbə müdiri Afiqə Batıyeva buraxılış və qəbul imtahanlarının modeli, Bakı Dövlət Universitetinin professoru Tofiq Hacıyev buraxılış və qəbul imtahanlarının proqramları, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin müəllimi Saməddin İbrahimov isə tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında məlumat verəcəklər. Riyaziyyat fənni üzrə seminarda Bakı Dövlət Universitetinin dosenti İmran Abdullayev buraxılış və qəbul imtahanları proqramları, "Gənc İstedadlar Liseyi"nin müəllimi Aqşin Abdullayev tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında, ingilis dili fənni üzrə seminarda isə Bakı şəhəri 115 nömrəli tam orta məktəbin müəllimi Şəhla Musayeva buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları barədə təqdimatla çıxış edəcəklər.
Fransız dili fənni üzrə seminarda Azərbaycan Dillər Universitetinin professoru Çəmən Babaxanovanın buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları haqqında, rus dili fənni üzrə seminarda isə Azərbaycan Turizm və Menecment Universitetinin baş müəllimi Afət Mürsəliyevanın buraxılış imtahanlarının proqramları, tapşırıq nümunələri və qiymətləndirmə meyarları barədə təqdimatları dinləniləcək.