Bərpa mərkəzləri şəbəkəsi genişlənəcək Hadisə

Bərpa mərkəzləri şəbəkəsi genişlənəcək

Prezident İlham Əliyevin sosial inkişaf proqramına uyğun olaraq, ölkəmizdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya imkanlarının artırılması tədbirləri qarşıdakı dövrdə də davam etdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin tədbirlər çərçivəsində respublikamızın ayrı-ayrı bölgələrində yeni reabilitasiya mərkəzlərinin yaradılması, bərpa mərkəzləri şəbəkəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla yanaşı dövlət başçısının tapşırığına əsasən ölkədə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması işləri davam etdirilir.
Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Mərdəkan Müalicə Pansionatında əsaslı təmir və yenidənqurma işləri davam edir. Bu ilin birinci yarımili ərzində pansionatın istifadəyə verilməsi nəzərdə tutulur. Bu il Sumqayıt, Yevlax və Naftalan şəhərlərindəki Əlilliyi olan şəxslərin Bərpa Mərkəzlərinin də əsaslı təmir və yenidənqurmadan sonra açılışı nəzərdə tutulub. Həmin müəssisələrdə əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında səmərəli bərpa müalicə prosedurlarına cəlb olunacaqlar.
Yeni müəssisələrin istifadəyə verilməsi əlilliyi olan şəxslərin bərpa müalicəsinə cəlb edilməsi işlərini daha da gücləndirəcək. Eyni zamanda, 2019-cu ildə Xidmətin Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında, Şəki, Lənkəran, Xaçmaz və Şirvan şəhərlərindəki Bərpa Mərkəzlərində də əsaslı təmir və yenidənqurma işlərinə başlanması nəzərdə tutulub. Qeyd edək ki, ötən il xidmətin bərpa müəssisələrində 11,9 min nəfərə reabilitasiya xidmətləri göstərilib. Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən isə 9,3 min nəfər əlilliyi olan şəxs protez-ortopedik xidmətlərlə təmin edilib, onlara 35,3 min reabilitasiya vasitəsi verilib.