Komitənin iclasında əlillərlə bağlı məsələ qaldırıldı Hadisə

Komitənin iclasında əlillərlə bağlı məsələ qaldırıldı

"Problemləri qaldırmaqla ölkə başçısına kömək etmiş oluruq. Lakin biz problemləri qaldırmaqla yanaşı həlli yollarını da göstərməliyik".
Bunu deputat Musa Quliyev Milli Məclisin əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, əlillərlə bağlı qanun layihələrinə təklif olunan dəyişikliklər dövlətin bütövlükdə əlil vətəndaşlarına olan diqqətin bariz nümunəsdir.
Musa Quliyev bildirib ki, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik qəbul olunduqdan sonra peşə təhsili alan əlil tələbələrinin maliyyəsi dövlət tərəfindən ödəniləcək:
"Bu, ölkə başçısının əlil vətəndaşlara olan diqqətinin göstəricisidir. Lakin əsas məsələ onların dövlət hesabına peşə təhsili aldıqdan sonra işlə təmin olunmasıdır. Əgər tələbə diplomunu alıb işlə təmin olunmayacaqsa, o zaman problemlər yaranacaq".
Deputat qeyd edib ki, əlillərə uyğun iş yerləri yaradılmalıdır:
"Bundan başqa onlara düzgün əmək zəmanəti verilməlidir. Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı işdə işləməsi müəyyən edilməlidir. Elə əlillər var ki, əlil arabasındadır, elələri də var ki, sadəcə gözləri görmür. Bu baxımdan onlara uyğun iş yerləri olmalıdır.
Müvafiq qurumlara müraciətim odur ki, əlillərə zəmanət verərkən onların hansı işdə işləyəcəyinə diqqət etsinlər. Çünki, əlilin qapı-qapı gəzib iş axtarmaq imkanı yoxdur. Onlar işə cəlb edilməlidir".