İran XİN: Maskat görüşü Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındı Gündəm

İran XİN: Maskat görüşü Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındı

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi sentyabrın 14-nə planlaşdırılan Fars körfəzi ölkələri ilə görüşün Yəməndəki mövcud gərginlik səbəbindən Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındığını təsdiqləyib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, brifinqdə məlumat verib.

"Bəli, bu həqiqətdir. Görüş Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındı. Bu, hazırda onlar və Yəmən arasında baş verənlərlə bağlıdır", - Bəqayi deyib.

Sentyabrın 14-də Omanda Fars körfəzi regionu ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüşü keçirilməli idi. Sentyabrın 11-də İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Bəqayi İran tərəfinin bu görüşdə iştirakını təsdiqləmişdi. Onun sözlərinə görə, iclasda regional məsələlərlə yanaşı, Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyən edilməsinə dair İran-Oman danışıqlarının nəticələri də müzakirə olunmalı idi. Fevralın 28-dən bəri davam edən ABŞ-İran münaqişəsi səbəbindən Hörmüz boğazında gəmiçilik bloklanıb.

Məryəm Quliyeva