
Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı bəyannaməsi qəbul edilib.
APA xəbər verir ki, bəyannaməni QMİ sədrinin birinci müavini Salman Musayev səsləndirib.
Bildirilib ki, TDT Müsəlman dini idarə rəhbərlərinin Şurası Beynəlxalq hüquq normalarına və TDT-nin prinsiplərinə əsaslanaraq, terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya, türkofobiya, təkfirçilik, məzhəblər arası ayrıseçkilik və nifrət çağırışları meyillərinin qarşısının alınması üçün birgə səylər göstərməyə davam edir.
Qeyd edilib ki, TDT Müsəlman dini idarə rəhbərlərinin Şurası Türk-İslam mənəviyyatının və mədəniyyətinin potensialından dünyada sülhün və rifahın möhkəmləndirilməsi, onun dəyərlərinin dünyada yayılması və gənclərin maarifləndirilməsinə çalışır, dini təhsilin və milli özünü dərk etmənin təkmilləşdirilməsi üçün birgə elmi konfransların təşkili və dini mərkəzlərin yaradılmasına kömək edir, yetişməkdə olan yeni nəslə ənənəvi mənəvi dəyərləri ötürmək üçün tələbə, müəllim, ədəbiyyat və təcrübə mübadilələri, həmçinin dini və elmi tədqiqatların inkişafını təşviq edir, öz fəaliyyətini Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və səmərəliliyi üçün müvafiq birgə layihələr hazırlamağa yönəldir, milli və dini əlamətdar günlərin, xüsusilə Ramazan və Qurban bayramlarının ilkin tarixlərinin spesifik xüsusiyyətlər nəzərə alınaraq birgə müəyyənləşdirilməsi, başlıcası isə, mötədil islam və məzhəblərlərarası anlaşma prinsiplərinə xidmət edən ortaq fətvaların işlənib hazırlanması işlərini davam etdirir.
Həmçinin vurğulanıb ki, TDT Müsəlman dini idarə rəhbərlərinin Şurası İnsan Hüquqları Ümumi Bəyannaməsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, insan hüququları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlıq edərək Türk-İslam mənəvi-əxlaqi dəyərlərinə uyğun olaraq qadınlar, gənclər və uşaqlar arasında dini-tərbiyəvi əhəmiyyətli tədbirlər keçirməyə, bu sahədə qarşılıqlı mübadilələr aparmağa, qadınların və gənc nəslin dövrün tələblərinə uyğun olaraq dini sahədə maarifləndirilməsi üçün şərait yaratmağa çalışır, Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, zərərli təbliğatın, sektantlığın və hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylərini davam etdirir,
dini ədəbiyyatın və dinşünaslığın türk dövlətlərinin dillərinə tərcüməsi və onların qanunvericiliyə və milli ənənələrə uyğun olaraq tanıdılması, müvafiq metodologiyalar və vasitələrin mübadiləsi və onların inkişaf etdirilməsi məqsədi ilə birgə təlim seminarlarının, konfransların, simpoziumların və digər tədbirlərin təşkili sahəsində əməkdaşlığı davam etdirir, Türk dünyasının tarixinin öyrənilməsi və gənc nəsillərə aşılanması sahəsində əməkdaşlığı təşviq edir, habelə TDT-yə üzv olan ölkələrdə dini və tarixi yerlərinin birgə ziyarət olunması və turların təşkili, onların beynəlxalq səviyyədə təbliğinə çalışır.
TDT-nin Baş katibi Zati-aliləri səfir Kubanıçbek Omuralievin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının fəaliyyətinə verdiyi dəyərli töhfəni yüksək qiymətləndirir, onun səlahiyyət müddətinin başa çatmasını nəzərə alaraq, gələcək fəaliyyətində ona uğurlar arzulayırlar.
Nümayəndə heyətlərinin başçıları 7-ci Görüşün yüksək səviyyədə təşkilinə və bütün iştirakçılara göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan Hökumətinə, habelə hazırlıq və koordinasiya prosesinə verdiyi dəyərli töhfəyə görə Türk Dövlətləri Təşkilatının Katibliyinə dərin minnətdarlıqlarını ifadə edirlər.
14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində qəbul edilmiş və imzalanıb. Sənəd ingilis dilində bir nüsxədə tərtib olunmuş və Türk Dövlətləri Təşkilatının Katibliyində saxlanılmaq üçün təhvil verilib.