11:21
336
“İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar bir neçə aydır davam edir və bu danışıqların ilkin mərhələsində Oman bu məsələyə isti yanaşmasa da sonradan prosesdə rol almağa başladı. Son açıqlamalardan da görünür ki, əgər bu razılaşma doğrudan da qəbul olunacaqsa, bu, daha çox İranın maraqlarını təmin edəcək. Çünki iddiaya görə gəmilərin boğaza girişi İran ərazisindən olacaq, eyni zamanda, çıxışın da bir hissəsi yenə İran sularından keçməklə həyata keçiriləcək”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O.Qasımovun sözlərinə görə, bu, İranın Hörmüz boğazında rolunun ciddi şəkildə olduğunun göstəricisidir: “Amma nəzərə alsaq ki, Hörmüz boğazı ilə bağlı məsələ yalnız Oman və İran arasında həll olunmur, burada digər dövlətlərin də maraqları var, xüsusilə də ABŞ Prezidenti təxminən bir ay öncə Oman və İran arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlara kifayət qədər sərt reaksiya vermişdi. Bu baxımdan İran və Oman arasında ilk növbədə bu razılaşmanın şərtləri açıqlanandan sonra daha dəqiq mövqe bildirmək olar. Amma görünən odur ki, İranın əvvəlcədən də dediyi kimi, burada böyük ölçüdə İranın nəzarəti olacaq və bir zamanlar İranın iddia etdiyi kimi keçən gəmilərdən rüsumların alınıb-alınmaması məsələsi aydınlaşmalıdır. Bunlar vacib məsələlərdir”.
Politoloq əlavə edib ki, ancaq bütün hallarda ABŞ-nin, o cümlədən Avropa dövlətlərinin bir çoxu bu formatda boğazın açılmasından məmnun deyillər: “O baxımdan bununla bağlı hələlik mövqe bildirmək erkəndir. Lakin görünən odur ki, ABŞ onun maraqlarına uyğun olmayan hansısa bir razılaşma olacaqsa, o zaman hər iki tərəfə ciddi şəkildə təzyiqlər etməyə çalışacaq. O ki qaldı iki tərəf arasında əldə olunan razılaşma Hörmüz boğazında gəmiçilik məhdudiyyətlərinin aradan qaldırılmasına kömək edə bilərmi? Bir daha qeyd edirəm ki, o razılaşma hərtərəfli razılaşma olmalıdır və digər dövlətlər də onun şərtləri ilə razılaşmalıdır. Belə olan halda bu, məhdudiyyətlərin aradan qalxmasına kömək edə bilər. Əks halda razılaşma böyük ölçüdə işlək vəziyyətdə olmayacaq. Yəni burada böyük güclərin də maraqları, istəkləri nəzərə alınmalıdır”.
Röya İsrafilova