
BMT Baş katibi Antonio Quterreşin BRİKS sammitindəki müraciəti, əslində təşkilatdakı mövcud böhranın etirafıdır. Burda əsas məqsəd 1945-ci ildə yaradılmış dünya nizamının, artıq 2026-cı ilin reallıqlarına cavab vermədiyinə diqqətləri çəkməkdən ibarətdir və bundan dolayı dünyanın düşdüyü durumdan çıxış yolu olaraq islahatların aparılmasında problemin həlli yolunun axtarılması lazımdır.
Bunu xalqcebhesi.az-a politoloq Çingiz Şahbazi deyib.
"Söhbət sadəcə BMT-nin strukturlarında texniki dəyişikliklərdən getmir. Bilirsiniz ki, 1945-ci ildə BMT yaradılarkən dünya faktiki olaraq ikinci dünya müharibəsinin qalibləri arasında quruldu. ABŞ, SSSR (Rusiya),Çin, Böyük Britaniya və Fransa Təhlükəsizlik Şurasının daimi üzvü oldular və veto hüquqları var. İndi o zamandan 80 ilə yaxın vaxt keçir və dünya kökündən dəyişib və proses daha da dərinləşməkdə davam edir. Hindistan artıq nəhəng iqtisadi və demoqrafik gücdür. Braziliya Latın Amerikasının aparıcı dövlətidir. Afrika qlobal siyasətdə daha böyük rol tələb edir. Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, İndoneziya, İran və digər orta güclər əvvəlki dövrlərdən istər iqtisadi, istərsə də siyasi-iqtisadi baxımdan qat-qat çox böyüyüblər və inkişaf edərək gücləniblər. BRİKS-in genişlənməsi də bunun göstəricisidir. Hazırkı genişlənmiş BRİKS dünya əhalisinin təxminən yarısını təşkil edir və alıcılıq qabiliyyətinin pariteti ilə dünya iqtisadiyyatının 40 faizini məhz bu təşkilat təmsil edir. BMT Baş katibi Antonio Quterreşin "indi 1945-ci il deyil" ifadəsinin də mənası məhz diqqəti bu rəqəmlərə yönəltməkdən ibarətdir" - o, qeyd edib.
Ç.Şahbazinin fikrincə, bu baxımdan BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə ehtiyac var. Hazırda 15 üzv dövlətlərin 5-i daimi, 10-u isə qeyri-daimi fəaliyyət göstərir. 5 daimi üzv dövlətlərin veto hüququ var. Bu da hər hansı bir məsələ ilə bağlı qərara, digər dövlətin vetosu ilə qərarın qarşısını almaq mümkündür. Quterreşin "BMT strukturları bu günkü reallığı əks etdirməlidir" deməsinin ən konkret səbəbi də məhz buradadır. Bu səbəbdən də, daimi üzv dövlətlərin sayın artırmaq zərurətini aradan qaldırılması üçün, yenə də 5 daimi üzv dövlətlərin yekdilliklə razılıq qərarı lazımdır. Üzv dövlətlər, özlərinin veto hüququnu və xüsusi statusunu dəyişəcək islahata hazırdırlarmı və buna nə dərəcədə razılıq verəcəklər?
"Bu əlbəttə ki, paradoks yaradan vəziyyətdir və hesab edirəm ki, bu istiqamətdə islahatların aparılmasında kifayət qədər çətinliklər olacaq. Çünki, BMT-ni dəyişmək istəyənlərin qarşısında məhz dəyişdirilməli olan sistemin öz veto mexanizmi aradan qalxır və bu istiqamətdə müzakirələr illərdir davam edir və konkret ortaya bir şey çıxara bilmirlər. Hesab edirəm ki, hazırda BMT-nin zəifləməsini hamı görür, amma bu tamamilə lazımsız qurum anlamına da gəlməməlidir. BRİKS sammitində də məhz bu fikirlər ön plana çəkildi. BMT Təhlükəsizlik Şurasının münaqişələrin qarşısının alınmasında iflic vəziyyətə düşməsinin səbəbini də hesab edirəm ki, bütün dünyada bilirlər və hər kəsi narahat edən məsələlərdəndir. Hazırda dünyada baş verən münaqişələr qismən də olsa nəzarətə götürülür. Sabah böyük güclərin birbaşa qarşıdurmasının qarşısını almaq üçün, BMT kimi potensial təşkilatın fəaliyyətinin davam etməsi çox vacibdir" - o, sonda vurğulayıb.
Cavid