“Tərəflər arasında danışıqların formatı və gündəliyi üzrə fikir ayrılıqları var” Gündəm

“Tərəflər arasında danışıqların formatı və gündəliyi üzrə fikir ayrılıqları var”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin dekabrda Mayamidə keçiriləcək G20 sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu bildirməsi Rusiya-Ukrayna müharibəsinin diplomatik həlli baxımından diqqətçəkən siyasi mesajdır”.

Bunu xalqcebhesi.az-a politoloq Aytən Qurbanova bildirib.

A.Qurbanova vurğulayıb ki, xüsusilə də son günlər ABŞ-nin vasitəçiliyi ilə danışıqların yenidən intensivləşməsi və oktyabrda üçtərəfli təmasların bərpası ehtimalının gündəmə gəlməsi bu təşəbbüsün təsadüfi olmadığını göstərir: “Bu görüşün əsas əhəmiyyəti ondan ibarət ola bilər ki, uzun müddətdir davam edən müharibədə diplomatik kanalların yalnız vasitəçilər üzərindən deyil, birbaşa siyasi liderlər səviyyəsində də işə salınmasına imkan yaradar. Çünki müharibənin dayandırılması ilə bağlı əsas məsələlər, yəni atəşkəsin şərtləri, ərazi məsələsi, Ukraynanın təhlükəsizliyinə təminatlar və gələcək siyasi nizamlanmanın çərçivəsi texniki deyil, birbaşa siyasi qərar tələb edən məsələlərdir”.

Politoloqun sözlərinə görə, lakin Zelenskinin hazır olduğunu bəyan etməsi hələ görüşün keçiriləcəyinə zəmanət vermir: “Moskva tərəfi Putinin G20-də iştirak edib-etməyəcəyinin belə hələ müəyyənləşmədiyini bildirir. Bu isə göstərir ki, tərəflər arasında yalnız müharibənin nəticələri ilə bağlı deyil, danışıqların formatı və gündəliyi üzrə də ciddi fikir ayrılıqları qalmaqdadır”.

Röya İsrafilova