“Sovetski“ sakinləri hökumət nümayəndələrilə görüşüblər Hadisə

“Sovetski“ sakinləri hökumət nümayəndələrilə görüşüblər

Abid Şərifov: "Camaat arasında narazılıq yaradanlara Allah insaf versin"

Bakının "Sovetski" kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazı qalaraq aksiya keçirməsindən sonra hökumət rəsmiləri əhali ilə növbəti dəfə görüş keçiriblər.
Görüş Yasamal rayonundakı 150 saylı orta məktəbin zalında keçirilib. Sakinlərlə baş nazirin müavini Abid Şərifov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov və həmin ərazidən millət vəkili seçilmiş Ülvi Quliyev görüşüb.
Baş nazirin müavini Abid Şərifov "Sovetski" sakinlərinə bildirib ki, onların tələblərinə baxılacaq və bir həftə ərazində onlara məlumat veriləcək.
Onun sözlərinə görə, ərazidə kiminsə tərəfindən hotel və ya yaşayış evi tikiləcəyi barədə xəbərlər şayiədir: "Burdan kiminsə zorla köçürülməsindən söhbət gedə bilməz. Camaat arasında narazılıq yaradanlara Allah insaf versin. Hələ ortada bir şey yoxdur, aləmi qarışdırmağa da ehtiyac yoxdur. Kimisə zorla bu ərazidən çıxarmaq mümkün olan iş deyil. Qaz, su, işığı kəsmək məsələsi də olmayacaq. Tam məsuliyyətimlə söz verirəm ki, ərazidə sizin iştirakınızla komissiya qanunauyğun şəkildə işləyəcək".
Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev də bildirib ki, "Sovetski"nin köçürülməsi məsələsi həmişə gündəmdə olub: "Bu, həm də sakinlərin şəraitinin yaxşılaşmasına xidmət edəcək. Kompensasiya hesablananda xidməti tikinti, anbar, hətta həyətdə əkilən ağacın da pulu nəzərə alınacaq. Heç bir adamı məcburi burdan köçürmək niyyəti yoxdur. Kim istəyirsə, pulunu bankdan alıb getsin, kim razı deyilsə o evindən məcbur çıxarılmayacaq".
İcra başçısı qeyd edib ki, sakinlərin tələbləri əks olunan müraciətə də baxılacaq və bir həftə ərzində cavab veriləcək.
APA-nın məlumatına görə, sakinlərin yaratdığı Təşkilat Komitəsinin sədri Namiq Quliyev məlumat verib ki, tələblər baş nazirin müavininin başçılıq etdiyi heyətə təqdim olunub: "Belə razılığa gəlindi ki, tələblərimizə martın 3-də cavab veriləcək".
N.Quliyev qeyd edib ki, hökumət nümayəndələri hər bir sakinin razılığı olmadan evinin sökülməyəcəyi barədə vəd veriblər: "Mətbuatda söküntülərin başlanması haqqında xəbərlər həqiqəti əks etdirmir".
Qeyd edək ki, sökülən evlərə görə sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilir.