Luqanskda azərbaycanlı iş adamının meyiti tapılıb Hadisə

Luqanskda azərbaycanlı iş adamının meyiti tapılıb

Telman Cəfərovun tanınmaz hala salınan meyiti Azərbaycana gətirilərək dəfn edilib

İyulun 30-da Ukraynanın Luqansk vilayətində separatçılar tərəfindən öldürülən Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini, iş adamı Telman Cəfərovun meyiti uzun axtarışdan sonra tapılaraq Azərbaycana gətirilib.
Azərbaycanın Ukraynadakı səfirliyinin konsulluq məsələləri üzrə I katibi Asim Osmanov APA-ya açıqlamasında bildirib ki, diaspor rəhbərinin meyiti onun qardaşları tərəfindən tapılaraq iki gün əvvəl Rusiya ərazisi vasitəsilə Azərbaycana aparılıb. A. Osmanov xatırladıb ki, öldürüldükdən sonra separatçıların nəzarətində olan ərazidə qaldığı ehtimal olunan, uzun müddət tapılmayan T. Cəfərovun meyitinin aşkarlanması üçün səfirlik Ukrayna Xarici İşlər Nazirliyi və güc strukturları ilə yanaşı, beynəlxalq təşkilatların Kiyevdəki nümayəndəliklərinə də müraciət etmişdi: "Biz meyitin tapılması üçün çox ciddi çalışdıq və onun yaxınlarına şərait yaradıldı ki, meyit hadisənin baş verdiyi yerdən götürülsün".
A.Osmanovun sözlərinə görə, T. Cəfərovun meyiti yanmış formada tapılıb. O, öldürüldükdən sonra avtomobili qarışıq yandırılıbmış.
T.Cəfərovun qardaşı oğlu Rahat Cəfərov isə APA-ya açıqlamasında bildirib ki, tanınmaz hala düşən meyit Bakıda ekspertizaya verilib və onun T. Cəfərov olduğuna tam əmin olunduqdan sonra Bakıda dəfn edilib.
Qeyd edək ki, iyulun 30-da Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb. Hadisə axşam saatlarında Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.