ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr edilən konfrans Hadisə

ADA Universitetində Lütfi Zadənin elmi irsinə həsr edilən konfrans

Oktyabrın 23-də ADA Universitetində “İnformasiya və kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə 13-cü IEEE Beynəlxalq Konfransı”ı (AICT 2019) öz işinə başlayıb. Tədbirdə çıxış edən ADA Universitetinin rektoru, professor Hafiz Paşayev görkəmli alim Lütfi Zadənin elmi irsinə həsr olunan konfransın İKT-nin beynəlxalq tətbiqi sahəsinə töhfə verəcəyini bildirib.
Qeyd edib ki, konfransın əsas məqsədi təhsil, elm, idarəetmə, təhlükəsizlik, səhiyyə sistemi, dövlət strukturları, kommunikasiya və rabitə sahələrində dünyanın 20-dən çox ölkəsində İKT-nin tətbiqi üzrə araşdırmalar aparan elmi tədqiqatçıları bir araya gətirmək, ümumi maraq və problemlər ətrafında müzakirələr aparmaqdır.
Daha sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək bu ilki AICT konfransının dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, professor Lütfi Zadənin elmi irsinə həsr olunduğunu bildirib. O, böyük alimin öz istəyi ilə vətəni Azərbaycanda dəfn olunduğunu diqqətə çatdırıb.
Alimin sözlərinə görə, qeyri-səlis texnologiyaların vətəni kimi tanınan Azərbaycanın gələcəkdə 4-cü sənaye inqilabı dövründə bütün “ağıllı” qurğular, intellektual kiber-fiziki sistemlər, Big Data analitikası və digər süni intellektə əsaslanan varlıqlar üçün lokomotiv olacağı danılmazdır: “Süni intellekt, Soft Computing və digər qeyri-səlis “ağıllı” texnologiyaların nəzəri əsaslarının inkişaf etdirilməsi və insan fəaliyyətinin müxtəlif sahələrində tətbiq edilməsi Azərbaycan elminin prioritet istiqamətlərindən biridir”.
R.Əliquliyev ölkə başçısı tərəfindən potensialın artırılması, postsənaye cəmiyyətinin müxtəlif sahələrində yüksək texnologiyaların tətbiqi və məlumatlandırma prosesinin sürətləndirilməsi istiqamətində bir sıra strateji layihələrin, dövlət proqramları və konsepsiyaların qəbul edildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, konfrans çərçivəsində elmi məruzələrlə yanaşı, ustad dərsləri və nümayəndə heyətləri arasında işgüzar görüşlər təşkil olunacaq. “AICT 2019” konfransına ADA Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Malayziya Sabah Universiteti, IEEE Azərbaycan şöbəsi və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu texniki dəstək verib.