Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində tələbələrlə görüş Hadisə

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində tələbələrlə görüş

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Universitetinin (NDU) Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasının IV kurs tələbələri ilə görüş olub.
Naxçıvan bürosu xəbər verir ki, Rabitə və Yeni Texnologiyalar naziri Rövşən Məmmədov görüşdə çıxış edərək, bu cür tədbirlərinə keçirilməsində əsas məqsədin gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri olduğunu bildirib. Qeyd olunub ki, nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr gələcəkdə işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
“Nazirliyin dəstəyi ilə mobil operatorlar tərəfindən yaxşı nəticələri olan səkkiz tələbəyə 2019-2020-ci tədris ilində aylıq 200 manat təqaüd verilməsi təmin edilib. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyi ilə Çin Xalq Respublikasının “Huawei” şirkəti tərəfindən “Gələcəyin İKT sahəsindəki toxumları” adlı növbəti müsabiqə keçirilib və seçilən 7 tələbə həmin şirkətin Şenjen şəhərindəki təlim mərkəzində istehsalat təcrübəsinə göndərilib” – deyən nazir vurğulayıb ki, həmçinin “Naxçıvan” Universitetində yaradılan İKT mərkəzində 3-cü ildir ki, təhsil müəssisələri ilə razılaşdırılmış qrafikə uyğun olaraq “Huawei”nin peşəkar mütəxəssisləri tərəfindən hamiliyə götürülmüş ixtisasların tələbələri üçün mühazirələr oxunur.
Qeyd edilib ki, mayın 8-də nazirliyin mütəxəssislərinin iştirakı ilə “Naxçıvan” Universitetində “İdeyadan Biznesə” ümumrespublika startap müsabiqəsi təşkil edilib. Naxçıvan şəhəri üzrə ilk üç yerə layiq görülən komandalar ölkə paytaxtında keçirilən milli finalda iştirak ediblər.
Görüşdə NDU-nun Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, nazirliyin İqtisadiyyat və mühasibat uçotu şöbəsinin aparıcı məsləhətçisi Sahil Quliyev, nazirliyin Efirə nəzarət və radiotezliklərin qeydiyyatı şöbəsinin məsləhətçisi Rəfiqə Əmirova, tələbələrdən Aytən Seyidova və Musa Məhərrəmov çıxış ediblər.