Bakı metrosu dekabrın 31-də saat 01:00-dək xidmət göstərəcək Hadisə

Bakı metrosu dekabrın 31-də saat 01:00-dək xidmət göstərəcək

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq.
QSC-dən bildirilib ki, şəhərin mərkəzində yerləşən və kütləvi bayram tədbirlərinin keçiriləcəyi stansiyalara əlavə işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulub. Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütləvi bayram tədbirləri və atəşfəşanlıqla əlaqədar sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacaq.
Həmçinin “Bakı Metropoliteni” QSC bu il də 31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək. Sərnişin axınının sıx olduğu “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Koroğlu” və “Avtovağzal” stansiyalarının vestibüllərində bəzədilmiş şam ağacları quraşdırılıb. Dekabrın 29-dan yanvarın 1-dək “A” və “Г”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vaqonların qoşulduğu, yeni il rəmzləri ilə bəzədilmiş retro qatar “İçərişəhər” stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndələrində nostalji hisslər oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə bilər.
Bundan başqa, Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il də sərnişinlərlə görüşə gələcək. “İçərişəhər” stansiyasının vestibülündə paytaxt sakinləri və qonaqlarına maraqlı yeni il şousu təqdim ediləcək. Böyük şou-tamaşada nəhəng oyuncaqlar, şarlardan müxtəlif formalı fiqurlar düzəldəcək klounlar azyaşlı sərnişinləri əyləndirəcək. Uşaqların sevimlisi olan sehrbaz isə tam fərqli formatlı və ilk dəfə nümayiş etdirəcəyi illüziya proqramı ilə izləyicilərini heyran qoyacaq.
Yeni il şənliyi iki gün – dekabrın 29 və 30-da keçiriləcək. Bu iki gün ərzində “İçərişəhər” stansiyasının platformasında və retro vaqonlarda Yeni il rəmzlərinə bürünmüş metropolitençilər azyaşlı sərnişinlərə hədiyyələr paylayacaqlar.
Son illərdə formalaşmış ənənəyə uyğun olaraq, Yeni il ərəfəsində şəhərin mərkəzində yerləşən və sərnişin axınının sıx olduğu stansiyalarda konsert proqramı təşkil ediləcək. Bu dəfə ənənəvi konsert prqramına da yenilik gətiriləcək. Dekabrın 29 və 30-da saat 12:30-14:00-dək tanınmış “Şaqan” instrumental ansamblı canlı musiqi ilə “28 May”, “Sahil” və “İçərişəhər” stansiyalarında sərnişinlərdə əsl bayram ovqatı yaradacaq.
Bu il “Bakı Metropoliteni” QSC bütün sərnişinlərinə daha bir Yeni il sürprizi edəcək. Səsləri ilə bütün ölkədə məşhur olan mədəniyyət işçiləri qatarlarda stansiyaların elanlarını səsləndirəcəklər. Məşhurlar stansiyaları üç gün ərzində - dekabrın 30-dan yanvarın 1-dək elan edəcəklər.