Paşayeva öldürülüb yandırılan 10 yaşlı Nərminə görə… Hadisə

Paşayeva öldürülüb yandırılan 10 yaşlı Nərminə görə…

Artıq yoldayam və Nərminin ailəsinin yanına gedirəm. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar.
Bu sözləri millət vəkili Qənirə Paşayeva Tovuz rayonunda noyabr ayında itkin düşən 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın yandırılmış meyitinin tapılması ilə bağlı qeyd edib.
Q.Paşayeva bildirib ki, dəhşətli hadisə səbəbindən böyük üzüntü və ciddi narahatlıq içindədir:
“10 yaşlı Nərmin balamıza qarşı törədilmiş bu dəhşətli cinayət hamımızı dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir. Belələrinin əslində Yer üzündə gəzmə haqqı olmamalıdır. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə ana və ata səksəkə, narahatlıq içindədir. İnanırıq ki, bu dəhşətli qətli törədən (törədənlər) qısa zaman içində tapılacaq və bütün cəmiyyətimiz onun layiq olduğu ən ağır cəzanı almasının şahidi olacaqlar. Biz hamımız bunu gözləyirik. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın. Valideynlərinin böyük ağrı və üzüntüsünü paylaşırıq”.
Xatırladaq ki, 21 noyabr 2019-cu ildə itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yandırılmış meyiti dünən Dondar Quşçu kənd ərazisindəki boş sahədə aşkarlanıb.