Şagird sayı sıx olan məktəblər üçün nəqliyyat təşkil ediləcək Hadisə

Şagird sayı sıx olan məktəblər üçün nəqliyyat təşkil ediləcək

Təhsil naziri: “Təhsilin inkişafı dövlət siyasətində əsas prioritetlərdən biridir”

Yanvarın 27-də Təhsil Nazirliyində 2019-cu ilin yekunlarına və 2020-ci ilin hədəflərinə həsr edilən mətbuat konfransı keçirilib. Təhsil naziri Ceyhun Bayramov ölkəmizdə aparılan genişmiqyaslı islahatların təhsil sektoruna da müsbət təsirini göstərdiyini, son illər təhsil üzrə strategiya və proqramların qəbul edildiyini, təhsilin inkişafının dövlət siyasətində əsas prioritetlərdən biri olduğunu bildirib. Diqqətə çatdırıb ki, ümumi təhsil müəssisələri infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. 2019-cu ildə 84 yeni məktəb binası tikilib və əsaslı təmir olunub. Bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd edilməlidir. Ötən il Fondun təşəbbüsü ilə onlarca məktəb tikilib və təmir edilib. Bununla da ötən ildə 100-ə yaxın məktəb istifadəyə verilib. Yeni məktəb binalarının tikintisi və təmiri bu il də davam etdiriləcək.
Məktəblərdə şagird sıxlığı məsələsinə toxunan Təhsil naziri məlumat verib ki, nazirlik bununla bağlı ciddi addımlar atıb, məsələ 2020-ci ildə də diqqət mərkəzində saxlanılacaq. Görülən işlərə baxmayaraq bəzi məktəblərdə hələ də şagird sıxlığı var. Azərbaycanda 4500-ə yaxın məktəb var. Onların təxminən 50 faizində şagirdlərin sayı 200 nəfər və ondan aşağıdır. Ölkə əhalisinin artımını nəzərə alsaq son illərdə şagirdlərimizin sayı 50 min nəfər artıb. Lakin ölkədə əhalinin sıxlığı bərabər paylanmayıb. Əhali artımı bütün ərazilərdə eyni templə getmir. Daxili miqrasiya da şagird sıxlığına təsir edir. Bütün bunların nəticəsi olaraq müəyyən məktəblərin siniflərində şagird sıxlığı müşahidə olunur. Bunun aradan qaldırılması üçün dövlət səviyyəsində intensiv işlər görülür. Xəzər rayonu Binə qəsəbəsi, Binəqədi rayonu kənd Binəqədi, Sulutəpə, Xırdalan şəhəri, Masazır və Saray yaşayış məntəqələrində yeni məktəb binalarının tikilməsi nəzərdə tutulur.
Nazir bildirib ki, məktəblər üçün nəqliyyat vasitələri sisteminin qurulması ilə bağlı xeyli müraciətlər olunub. Müraciətləri nəzərə alaraq 2019-cu ildə Bakı Nəqliyyat Agentliyi ilə sıx əməkdaşlığa başlamışıq. 2020-2021-ci tədris ilinin başlanğıcına qədər şagird sayı sıx olan məktəblər üçün nəqliyyat sisteminin təşkilinə nail olacağıq. Bu, birinci mərhələdə bütün məktəbləri əhatə etməyəcək, lakin uğurlu başlanğıc hesab edilə bilər.
Ceyhun Bayramov dərsliklərlə bağlı görülmüş və görüləcək işlərdən də bəhs edib. Bildirib ki, 2019-cu ildə hazırlanan və 100 məktəbdə təcrübə üçün istifadə olunan yeni dərsliklər təcrübədə özünü doğruldub. Bu dərsliklərin 2020-2021-ci tədris ilində də tətbiqi nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Rəqəmsal bacarıqlar” və STEAM layihələrinin müsbət nəticələri nəzərə alınaraq növbəti illərdə müvafiq istiqamətdə fəaliyyət daha da genişləndiriləcək.
Qeyd olunub ki, təmayülləşmə istiqamətində aparılan işlər nəticəsində şagirdlərin sayı 47 minə çatdırılıb. Ötən il təmayülləşməyə cəlb olunan şagirdlərin nəticələrini təhlil edərkən aydın olur ki, onların nəticələri qeyri-təmayül siniflərinin nəticələrindən fərqlənir. Ona görə də 2020-ci ildə təmayül siniflərinin və təmayülləşməyə cəlb olunan şagirdlərin sayının artırılması planlaşdırılır.
“Ötən il şagirdlərimizin uğurları ilə də yaddaqalan oldu. Belə ki, şagirdlərimiz beynəlxalq olimpiadalarda 40 medal qazanıblar. İnanıram ki, ölkədə təhsil sahəsində atılan addımlar şagirdlərimizin uğurlarının bol olmasına təkan verəcək”, - deyə C.Bayramov qeyd edib.
Ölkədə ali təhsil sistemində xeyli islahatlar aparıldığını xatırladan nazir deyib ki, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksəkixtisaslı, peşəkar kadrlar hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində ölkə Prezidenti tərəfindən əhəmiyyətli qərarlar qəbul olunub. 2019-cu ildə dövlət hesabına təhsil alan tələbələrin sayı 66 faiz artıb. Belə ki, 2018-ci ildə 12 min 300 nəfər dövlət hesabına ali təhsil müəssisələrinə qəbul olunubsa, 2019-cu ildə bu rəqəm 20 min 500-ə çatdırılıb. Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı Sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı artırılıb. 2020-2021-ci tədris ilində isə təqaüd alan tələbələrin sayının 50 faizə çatdırılması nəzərdə tutulur. Tələbələrin yataqxana şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər görülüb.