Jirinovski Putinin sözünü çatdırır Hadisə

Jirinovski Putinin sözünü çatdırır

Arzu Şirinova

Hər zaman belə olub - Rusiya hansı ölkəylə bağlı qərar vermək və yaxud addım atmaq istəyirsə, birinci olaraq dövriyyəyə Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski buraxılır. Bu dəlisov, həm də qalmaqallara stimul verən siyasətçi gözünü yumur və ağzını açır, Rusiya prezidenti Vladimir Putinin demək istədiklərini və planlarını bildirir. Üstündən az müddət keçməmiş Putin Jirinovskinin açıqladıqlarını dəqiqliyilə olmasa da, ona yaxın formada həyata keçirir. Azərbaycanla bağlı dəfələrlə bunun şahidi olmuşuq. Əvvəlcə Azərbaycan xalqını təhqir edən, "qoyun" adlandıran Jirinovski sonra bizi tərifləməyə başladı. Bu günlərdə isə Rusiya bazarlarını gəzən və qiymətlərlə maraqlanan Jirinovski Azərbaycandan aparılan məhsulların keyfiyyətini təqdir elədi və qiymətlərin aşağı düməsi üçün daha çox məhsulların gətirilməsinə ehtiyac olduğunu, bunun üçün şərait yaradılmasını bildirdi. Xatırlayırsınızsa, bir neçə il bundan öncə Jirinovski azərbaycanlıların, eləcə də Orta Asiya xalqlarının Rusiya bazarlarından çıxarılmasını bildirmişdi. Əcabə, nədən bu gün Jirinovski azərbaycanlılara sıcaq münasibət göstərir? Çünki Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərb və Avropa ölkələri Jirinovskinin ölkəsinə kiçik də olsa iqtisadi sanksiyalar tətbiq elədilər. Bunun da nəticəsində Rusiyada hər bir sahədə, o cümlədən kənd təsərrüfatı məhsullarında da bahalaşma yarandı. Bir neçə il bundan əvvəl Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının aparılmasına qoyulan qadağa aradan götürüldü. Artıq kənd təsərrüfatı məhsullarımız qonşu ölkəyə heç bir manə olmadan daşınır. Yəni biz Rusiyanı kənd təsərrüfatı məhsulları qıtlığından qurtardıq. Əvəzində özümüzün bazarları qiymətlərin qalxması nəticəsində "od tutub yanır".
Bəli, Jirinovskinin də Azərbaycana sıcaq münasibətinin kökündə məhz bu və digər hələlik ictimaiyyətə məlum olmayan məsələlər dayanır. Ona görə də dünən mənim xalqımı təhqir edən birinin bu gün fərqli düşünməsinin riyakarlıqdan başqa adı yoxdur...
...Jirinovski növbəti dəfə sensasiyalı xəbərlə çıxış edərək, Ukraynanı hədəfə alıb. Nəvbəti dəfə ona görə deyirəm ki, Ukraynada məlum hadisələr başlayanda Jirinovski açıq mətnlə bildirdi ki, Rusiya Krımı özünə qaytarmalıdır. Onun fikrincə, Krım Rusiyanın ərazisi olub və keçmişdə buraxılan səhvlər düzəldilməlidi. Həm də Ukraynanın şərq hissəsi rəsmi Kiyevdən alınmalıdır. Artıq Krım işğal nəticəsində Rusiyanın nəzarətindədir. Hətta Krımda seçkilər keçirildi və dünya bu seçkilərin nəticəsini tanımasa da, Rusiya seçkiləri və Krımın müstəqilliyini tanıdı. Ukraynanın şərqində isə Rusiyanın dayaq durduğu və silahla təmin etdiyi separatçılar bu ölkənin parçalanması üçün rəsmi Kremlin əmrini gözləyirlər. Bu arada Jirinovski daha da qabağa gedərək hətta Kiyev şəhərinin belə oktyabrın 26-da separatçılar tərəfindən ələ keçiriləcəyini bildirib.
Axar.az-ın sözügedən partiyanın rəsmi saytına istinadən verdiyi xəbərə görə, partiya sədri bunu olduqca real sayıb.
Jirinovski deyib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun əsas hədəfi qarşıdan gələn parlament seçkilərində mütləq qələbə çalmaqdır: "Poroşenko çalışır ki, qarşıdan gələn parlament seçkilərində qələbə əldə etsin və partiyası Ali Radada daha çox deputat mandatı ilə təmsil olunsun. Onun diqqətinə 90-cı illərdə Yeltsinin də belə bir istəyinin olduğunu çatdırmaq istərdim. Həmin vaxt bu ideyanın necə alt-üst olduğunu hamı gördü. Odur ki, Ukrayna prezidenti avantüraya əl atmasın. Digər tərəfdən, hansı seçkilərdən söhbət gedir? Olmayacaq belə bir proses! Oktyabrın 26-a qədər DXR və LXR-nın döyüşçüləri Kiyevi ələ keçirəcəklər. Bundan sonra da Poroşenko və onun nazirləri, habelə əksər partiya liderləri məhkəmə qarşısında cavab verməli olacaqlar. Baxın, hər keçən gün Ukraynada iqtisadi böhran daha da dərinləşir, əsgər ölümü və digər neqativ hallar hazırkı iqtidarın arzusunu alt-üst edəcək. Poroşenkonun komandası məğlubiyyətə məhkumdur".
Deyə bilərsiniz ki, Rusiya bu qədər də uzağa gedə bilməz və Jirinovski bu sözləri deyərkən özündə olmayıb. Ancaq Krım faktı çox yaxın tarixdə baş verib. Deməli, Putinin belə bir planı ola bilər. Və dünyanın aparıcı dövlətləri Ukraynada baş verənləri sadəcə çox kiçik sanksiyalarla qarşıladıqlarından və aciz olduqlarını göstərdiklərindəndir ki, bu gün Putin Rusiyasından hansı addımı desən gözləmək mümkündür...
P.S. Məmməd kişinin boz iti vardı. Boz it Məmməd kişinin kiminlə münasibəti yox idi, onu qapıdan içəri buraxmazdı. Hər kəs onun bu bacarığına heyran qalmışdı. Bir gün Məmməd kişi qonşusuyla dava eləyir. Dava da özünün günahından baş verir. Bağ-bağatı suvarmaq üçün kəndə böyük arx vasitəsilə gələn suyu növbəsi olmaya-olmaya öz bağına tərəf döndərir. Yəni varlı-karlı və qolu zorlu tayfasına arxalanaraq bu günə kimi elədiklərinin üstündən su növbəsini də pozmağı qonşunu hövsələdən çıxarır. Qonşu da necə lazımdı Məmməd kişiyə boz itin gözü qarşısında yerini göstərir. O gündən boz it qonşuya düşmən kəsilir. Sahibini görən kimi bir-iki ağız qonşu tərəfə hürür ki, Məmməd kişinin xətri xoş olsun. Məmməd kişi də itin yalını həmin gündən bir qədər də artırır...