Müsavat qurultayı Əmircanda keçirəcək Hadisə

Müsavat qurultayı Əmircanda keçirəcək

Partiya rəhbərliyinin Bakı Şəhər İcra Hakimiyyətilə razılaşmaqdan başqa çarəsi qalmayıb

"Şadlıq sarayları ilə aparılan danışıqlarda hələlik bir nəticə əldə olunmayıb". Bunu modern.az saytına Müsavat Partiyası başqanlığına namizəd Arif Hacılı deyib.
O bildirib ki, buna görə Müsavat Partiyası qurultayını Bakı Şəhər İcra Hakimiyyətinin onlara ayırdığı Əmircandakı Səttar Bəhlulzadə adına mədəniyyət evində keçirəcək: "Müsavat Partiyasının səkkizinci qurultayı Əmircanda keçiriləcək".
Qeyd edək ki, Müsavat Partiyası 2010-cu ildən bəri qurultay keçirə bilmir. Partiya qurultayın ləngiməsini Bakı meriyasının uyğun yer ayırmaması ilə əlaqələndirirdi.
Axırıncı dəfə Bakı meriyası Əmircandakı sözügedən məkanı qurultay keçirmək üçün Müsavata təklif edib.
Partiya bununla razılaşmayıb və şadlıq sarayları ilə danışıqlar apararaq tədbirlərini onlardan birində keçirmək qərarına gəlib. Lakin görünür, şadlıq sarayları Müsavata yer verməkdən imtina edib, ya da tərəflər razılığa gələ bilməyiblər.
Sentyabr ayının 27-də keçiriləcək qurultayında Müsavata yeni başqan seçiləcək. Tural Abbaslı, Səxavət Əlisoy, Arif Hacılı və Qubad İbadoğlu başqanlığa namizəddir.