FHN Bakı Ali Neft Məktəbində təlim kursu keçirib Hadisə

FHN Bakı Ali Neft Məktəbində təlim kursu keçirib

Bakı Ali Neft Məktəbində "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" adlı təlim kursu keçirilib. Kurs Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatı dəstəyi ilə baş tutub.
Tədbirin nəzəri hissəsini giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamalayaraq bildirib ki, BANM-in, FHN-nin və ATGTİ-nın birgə təşkilatçılığı ilə keçirilən təlim kurslarının tələbələrə fövqəladə hallar zamanı davranış qaydalarını aşılamasında, baş verə biləcək hər hansı bir fövqəladə hadisənin qarşısının alınmasında və ya baş vermiş hadisə zamanı onun nəticələrinin aradan qaldırılmasında öz töhfəsini verəcək.
Həmçinin rektor təhlükəli hadisələr zamanı necə davranılmasında, hansı tədbirlərin görülməsinin öyrənilməsində və tədris saatlarında qəfildən baş verə biləcək hər hansı fövqəladə hadisəsi zamanı mühafizə və təhlükəsizlik qaydaları haqqında məlumatlı olmağının əhəmiyyətini qeyd etmişdir.
Daha sonra Azərbaycan Respublikasının FHN Bakı Regional Mərkəzinin rəisinin 1-ci müavini polkovnik cənab Elşən Əliyev hazırladığı təqdimatla çıxış edərək, tələbələrə və tədbir iştirakçılarına fövqəladə hallar, onların təsnifatı, xüsusiyyətləri, fövqəladə hal baş verdikdə insanların davranışı, məişətdə qaz cihazlarından istifadə zamanı və ətrafa zəhərli maddələr dağıldıqda təhlükəsizliyin təmin edilməsi və digər bu kimi məsələlərlə bağlı peşəkar səviyyədə qaneedici məlumat vermişdir.
Hündür mərtəbələrdən xilasetmə, "işgüzar oyun" formatında təşkil edilmiş "partlayıcı qurğunun zərərsizləşdirilməsi", "zəlzələ zamanı xilasetmə" və "yanğının söndürülməsi" əməliyyatları tələbələr tərəfindən böyük marağla izlənilmiş və hərarətli alqışarla qarşılanmışdır.