“Total”ın prezidenti təyyarə qəzasında həlak oldu Hadisə

“Total”ın prezidenti təyyarə qəzasında həlak oldu

Fransanın dünyaca məşhur neft-qaz konserni "Total"ın prezidenti Kristof de Marjeri oktyabrın 21-nə keçən gecə Moskvanın "Vnukovo" aeroportunda baş verən təyyarə qəzasında həlak olub. "Media forum" saytı xəbər verir ki, "Total" prezidentinin əyləşdiyi kiçik mühərrikli "Falkon" təyyarəsi uçuş zolağında qartəmizləyən maşınla toqquşub.
Təyyarədə daha üç nəfərin həlak olduğu bildirilir.
Rusiya İstintaq Komitəsinin sədri Vladimir Markin bildirib ki, "Total" neft-qaz şirkətinin prezidenti Kristof de Marjerinin (Christophe de Margerie) təyyarəsinin toqquşduğu qartəmizləyən maşının sürücüsü içkili olub.
"İstintaq zamanı müəyyənləşib ki, qartəmizləyən maşının sürücüsü alkoqolun təsiri altında olub", - deyə V. Markin söyləyib. O, hava limanının bəzi işçilərinin də istintaqa cəlb olunacağını deyib.
"Lifenews.ru" saytının məlumatına görə, bir ay öncə "Total" Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşularaq Qərbi Sibirdəki yataqlarda "Lukoyl"la işbirliyini dayandırıb.