“Qaçqınkom” məcburi köçkünlərə xəbərdarlıq edib Hadisə

“Qaçqınkom” məcburi köçkünlərə xəbərdarlıq edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi dələduzluq halları ilə bağlı məcburi köçkünlərə xəbərdarlıq edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əvvəllər komitə tərəfindən Bakı şəhərində bəzi dələduzluq halları barədə məcburi köçkünlərə xəbərdarlıq edilməsinə baxmayaraq, son günlər paytaxtın rayonlarında yenidən bu cür hallar baş verib.
Konkret olaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə aidiyyəti olmayan müxtəlif şəxslər tərəfindən saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan kifayət qədər vəsait mənimsəyiblər. Həmin dələduzların qeyri-qanuni əməllərinə aldandıqlarını bilən məcburi köçkünlər pullarının qaytarılmasını və həmin cinayətkar qrupun cəzalandırılması üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən köməklik göstərilməsini xahiş ediblər.
Köçürmə prosesinin indiyədək olduğu kimi şəffaf şəkildə həyata keçirildiyini bəyan edən Dövlət Komitəsi xəbərdar edir ki, hər hansı məcburi köçkün belə dələduzluq hallarına qoşularsa, o, cinayət məsuliyyətinə cəlb olunacaq. Komitə məcburi köçkünlərə müraciət edərək xahiş edir ki, belə hallarla rastlaşdıqda, bu barədə dərhal məskunlaşdıqları ərazilərdəki rayon polis şöbələrinə məlumat versinlər.