Mətbuat Şurası Gəncədə “dəyirmi masa” keçirib Hadisə

Mətbuat Şurası Gəncədə “dəyirmi masa” keçirib

Əflatun Amaşov: "Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetiririk"

Gəncədə "Mətbuatda Azərbaycan ədəbi dilinin qorunması: problemlər və perspektivlər" mövzusunda "dəyirmi masa" keçirilib. Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdırdığı "Azərbaycanın mətbuat məkanında ədəbi dilin qorunmasına dəstək" layihəsi çərçivəsində baş tutmuş tədbirdə Gəncə ilə yanaşı ətraf bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin təmsilçiləri də iştirak ediblər.
Toplantını giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Həsən Məmmədov açaraq şəhərdə fəaliyyət göstərən media orqanları ilə bağlı məlumat verib. Şuranın gerçəkləşdirdiyi layihənin əhəmiyyətinə toxunan Həsən Məmmədov ana dilinin qorunması işində bütövlükdə cəmiyyətin mütəşəkkillik göstərməsinin vacibliyini əsaslandırıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, rəhbərlik etdiyi qurum Azərbaycanın media məkanında ədəbi dilin qorunması məsələlərinə daim diqqət yetirir. Şura müxtəlif illərdə mövcud istiqamətdə təşəbbüslər reallaşdırıb. Bu baxımdan mətbuat orqanlarının monitorinqi mühüm əhəmiyyət daşımaqdadır. "Monitorinq Mətbuat Şurasının müvafiq təlimatına əsasən aparılır. Burada leksik, qrammatik, üslub pozuntularına diqqət yetirilir. Eyni zamanda müxtəlif maarifləndirici tədbirlərlə medianın dil məsələlərinə önəm verməsinin vacibliyi diqqətə çatdırılır. Hazırkı layihə fəaliyyətimizi daha da intensivləşdirmək baxımından əhəmiyyət daşıyır. Eyni zamanda layihə Azərbaycan dövlətinin dil məsələlərinə həssas münasibətinin göstəricisidir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" qəbul edilib. Proqram məsələyə fendamental yanaşma baxımından son dərəcə faydalıdır. Orada Azərbaycan Mətbuat Şurasının üzərinə də icra məsuliyyəti düşür. Buna görə də qurum həm monitorinqlərini davam etdirir, həm də müxtəlif maarifləndirici tədbirlər həyata keçirir", - deyə o əlavə edib.
MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxışında layihənin əhəmiyyətinə nəzər salaraq ana dilinin qorunması ilə bağlı proseslərin daim nəzarətdə saxlanılmasının zəruriliyini vurğulayıb. Xüsusən də yeni yaranmaqda olan internet media vasitələrində dil xətalarının çoxluğuna diqqət çəkən Vüqar Rəhimzadə bildirib ki, belə hallara münasibətdə ictimai qınaq tədbirləri artırılmalıdır. Baş redaktor eyni zamanda vurğulayıb ki, bu sayaq toplantılarda KİV nümayəndələri tərəfindən səslənmiş təkliflər Milli Məclisin müvafiq komitəsinə təqdim edilməlidir.
MŞ-nin KİV-lərin ana dilinə riayət sahəsində həyata keçirdiyi monitorinqin qrup rəhbəri, "Xalq qəzeti"nin şöbə müdiri İlham Abbasov çıxışında mediada ana dilindən istifadə ilə bağlı bir sıra xarakterik pozuntu hallarına diqqət çəkib. Bunların doxsan faizinin üslubi və qrammatik pozuntulardan ibarət olduğunu deyən İlham Abbasov konkret nümunələr üzərində də dayanıb. O, eyni zamanda pozuntu faktlarını doğuran məqamlardan da bəhs edib. Bu mənada qəzetçilik texnologiyasına bələd olmama, qələmə alınan sahədən xəbərsizlik hallarını və sair problematik cəhətləri vurğulayıb.
"Gəncənin səsi" qəzetinin baş redaktoru Rəfiqə Sadıqova bir sıra xarici dillərdən Azərbaycan dilinə sözlərin daxil olduğunu bildirərək KİV-lərin əsasən həmin sözlərdən istifadəyə maraq göstərdiklərini qeyd edib. Halbuki Azərbaycan dilinin imkanları genişdir. Rəfiqə Sadıqova da çıxışında bu kimi hallara qarşı təsir mexanizminin həyata keçirilməsini vacib sayıb.
Yevlaxda nəşr olunan "Kür" qəzetinin baş redaktoru Əminə Yusifqızı mətbuatda, eləcə də digər sahələrdə ana dilinin norma və tələblərinin pozulmasına qarşı ictimai qınağın artırılmasının vacibliyindən söz açıb və təklif edib ki, dil xətalarına mütəmadi yol verən media orqanlarının adları cəmiyyətə açıqlansın.
Çıxış edənlərdən MŞ-nin icraçı katibi Rəhim Hüseynzadə, "Yeni Gəncə" qəzetinin baş redaktoru Süsən Tağıyeva, "İnteraz" TV-nin bölgə müxbiri Qalib Rəhimli və başqaları ana dilindən istifadə sahəsindəki pozuntulara qarşı cəmiyyətin yekdil reaksiyasını formalaşdırmağa ehtiyacın duyulduğunu vurğulayıblar.
Sonda çıxış edən MŞ sədri Əflatun Amaşov tədbirin təşkilinə göstərdiyi köməyə görə Gəncə şəhər rəhbərliyinə təşəkkürünü bildirib.

XC