“Nəticələrimiz Avropa ölkələrindən yaxşıdır” Hadisə

“Nəticələrimiz Avropa ölkələrindən yaxşıdır”

Qısa zaman ərzində Azərbaycanda yeni modul tipli xəstəxanaların açılmasını, onların ən müasir avadanlıqlarla təhciz ediilməsini yüksək qiymətləndiririk. Xəstəxanaların açılması həkimlərə əlavə çarpayı sayı verir. Bu, xəstəliklər zamanı insanların xəstəxanalarda çarpayılara ehtiyacını qarşılayır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev belə deyib.
O, ölkəmizdə bir neçə ay əvvəl yoluxma sayındakı artımla əlaqədar xəstəxanalarda çarpayı çatışmazlığı yaşandığını vurğulayıb:
“Bəzi insanlara yer tapa bilmirdik. Təcili yardım xidməti müraciət edən insanları xəstəxanaya yerləşdirə bilmirdi. Təbii ki, bu strategiya o zamandan bəri davam etdirildi. Artıq xəstəxanalarda kifayət qədər yataq var. Əgər yoluxma sayında ani yüksəliş olarsa, vətəndaşlara tibbi xidmət göstərmək üçün yetəri sayda çarpayı mövcuddur.
Bu baxımdan modul tipli xəstəxanaların açılması, onların müasir tibbi ləvazimatlarla təhciz olunması, xəstəxanalara peşəkar həkimlərin yerləşdirilməsi müsbət addımlardır. Düşünürəm ki, bugünkü nəticələr zamanında atılmış məqsədyönlü siyasətin nəticəsidir. Bu baxımdan biz həkimlər dövlət başçısının qəbul etdiyi strategiyanı, sərəncamları alqışlayırıq”.
Vasif Əliyev bildirib ki, kompleks yanaşmaların nəticəsində Azərbaycan səhiyyəsinin inkişafı uğurla davam etdirilir.
“Xəstəxanalarda yatan xəstələr dövlət hesabına həm diaqnostika, həm də müalicə olunur. Həkimlərin əmək haqlarının 3-5 misli qədər artırılması dövlət başçısının həkimlərə olan qayğısının nəticəsidir. Ölkəmizə Türkiyə, İtaliya, Çin və Kubadan həkimlərin gəlməsi, təcrübə paylaşımları həkimlərimizin peşəkarlığının daha da artmasına yardım edir. Nəticə etibarı ilə xəstəxanada yatan soydaşlarımız daha keyfiyyətli tibbi xidmət almış olurlar. Bu baxımdan nəticələrimiz qabaqcıl Avropa ölkələrindən yaxşıdır”.