Müqəddəs zəhər Hadisə

Müqəddəs zəhər

Ülviyyə Tahirqızı

Bakı məktəblərinin birində müəllimə işləyən yaxın qohumum mənə həmkarının başına gələn bir əhvalatı danışmışdı. Belə ki, birinci sinif şagirdinin uzun müddət dərsə gəlmədiyini görən müəllimə, səbəbi araşdırmaq üçün şagirdin yaşadığı ünvana gedir. Qapını uşağın babası açır, məsələdən hali olandan sonra müəlliməyə oğlunun ailəsi yaşayan otağı göstərərək işarə edir ki, "odeyyy.. o qapını döyün"... Qəribə rəftardan təəccüblənən müəllimə ağsaqqalın dediyi kimi də edir. Qapını zorla aralayan ailə başçısı xanımın gəlişinin məqsədini öyrənəndən sonra könülsüz olsa da onu otağa dəvət edir. Gördüklərindən dəhşətə gələn müəllimə danışır ki, "boş otaq başdan ayağa qaraya bürünmüşdü. Pəncərəyə də qara pərdə asıldığından gün işığı düşmürdü. Otağın bir küncündə başdan ayağa qara geyinmiş qadınla qızı oturmuşdular. Məni görəndə hər ikisi ayağa qalxıb başını aşağı saldı". Təəccübdən və dəhşətdən gözləri böyüyən müəllimə dili topuq vura-vura şagirdin dərsə gəlməməsinin səbəbini soruşur və ailə başçısı ilə aralarında təqribən belə bir dialoq yaranır:
" – Müəllimə, uşaq heç olmasa, on hərfi bilirmi?
- Bilir, amma qalan hərfləri də keçirik axı.
- Elə bildiyi bəsdir. Əsas Qurandır. Onu üzündən oxusa, yetər!".
Müəllimə danışır ki, gördüklərinin şokundan hələ də çıxmayıb.
İnsan "Bir qalanın sirri" bədii filmindəki personajın dili ilə "ayy yazıq!!!" demək istəyir.. Əsrlərdən bəri mövhumat islamında övladını, xüsusilə qız uşaqlarını elmdən kənarda tutmaq atanın cənnətlə mükafatlandırılacaq əməllərindən biri kimi (!) təqdim olunub və müsəlman aləminin kişi tayfası bunu yerinə yetirmək üçün dəridən-qabıqdan çıxıb. Halbuki "Qurani-Kərim"in ilk ayəsi "Oxu!" əmridir və müqəddəs kitabın çox ayəsində düşünən və düşünə bilən insandan bəhs edir. Düşünə bilmək üçün isə elm öyrənmək gərəkdir və bu elm qadın və kişi arasında fərq qoyulmadan vacib buyurulub.
Uşaq vaxtı nənəm bizə dini hekayələr danışardı. Amma bir şərtlə; "sual verməyəcəksiniz". Sual vermək həqiqəti öyrənməkdir. Həqiqəti öyrənmək isə qadağan və "günah" sayılırdı. Yalnız eşitdiyini həqiqət sayan, heç bir zaman həqiqəti öyrənmə cəhdində bulunmayan, düşünmək üçün beynini işlətməyən zavallı müsəlmanlar yalnız ona deyiləni həqiqət və din sayıb.
Quran həm də "Allah ilə aldatmayın" əmrində bulunur. Aldanmamaq, Allahın qorxu deyil, sevgi və qoruyucu mənbə olduğunu analamaq üçün yol elmdən və düşünməkdən keçir. Hansı ki, ondan Allah ilə aldadılanlar məhrumdur. Türkiyəli ilahiyyatçı Yaşar Nuri Öztürk "Allah ilə aldatmaq" kitabında yazır: "Allah ilə aldadılanların ən böyük problemi aldadıldıqlarının fərqində olma imkanından məhrum olmalarıdır. Çünki dərindən inandıqları və ürəkdən təslim olduqları bir dəyər onların əleyhinə istifadə edilir. Bunu anlamaları isə asan deyil". İslam aləmi Allah ilə aldatmanın təsiri ilə tuğyan edən savadsızlığın acısını əsrlərdir çəkir. Bu savadsızlıq, təhsliə biganə yanaşmaq müsəlman aləmini elmdə hər gün uğur qazanan Avropa və Amerikanın kölgəsinə və köləsinə çevirib. Köləyə və kölgəyə çevrilməyin yolu da elə elmsizlik və beyinsizlikdən keçir, hansı ki, bir çox müsəlman nadanlar onu "cənnətə aparan yol" kimi qəbul edirlər. Onların aləmində əsl müsəlmanın qızı evdə oturmalı, başını aşağı salmalı, səsi eşidilməməli, küçədə qaraya bürünməli, dərin düşünməməli, yetkinlik yaşına çatar çatmaz ərə getməli, ərin buyruqlarını yerinə yetirərək özünə cənnət tədarükü görməlidir. Bu formada yaşam tərzi ilə atasına da cənnətin qəbzini qazandırmış olar.
Zombi həyat tərzi müsəlman oğlana da tətbiq edilir. Hansısa müqəddəsin adını çəkərək ərəb ölkələrindəki hakimiyyət savaşında "şəhid" olması üçün onların da elmsiz və düşüncəsiz böyümələri maraq dairəsindədir. Lakin bir varlı müsəlmanın övladının eyni niyyətlə savaşa atıldığını görmürük. İslam "alimin mürəkkəbinin bir damcısı şəhidin qanından üstündür" desə də, müsəlmanları elm və təhsilə dəvət edən çağırışları heç eşitmirik. Müsəlman aləmi bəşəriyyəti hədələyən çarəsiz xəstəliklərin dərmanını axtarmır. İslam deyib sinəsinə döyənlər elmi kəşflərə imza atmırlar. Adi təbiət, fizika hadisəsi belə insanlara möcüzə kimi təqdim edilərək qorxu yaratmaq üçün istifadə edilir.
XX əsrin əvvəlində Mirzə Cəlil elə bunu deyib fəryad edirdi: "İndi də Şura hökuməti hər yanda ki mümkündür və hər nə qədər mümkündür, savad məktəbləri açır ki, mən görürəm ki, mənim dostum fəhlə Kabla İmamqulu 22 yaşında, özü savadsız, gedib savad öyrənmir. Dünən onu küçədə gördüm, dedim:
- Hara gedirsən?
Dedi:
- Xorasana.
Soruşdum:
- Niyə?
Dedi:
- Ziyarətə (fəda olum sənə, ya imam Rza!)
İndi nə etməli?
Bizim qarşımızda Xorasan və Məşhədi-müqəddəs kimi "Savad məktəbi" durub. Sən gündə min yerdə savad məktəbi aç, amma nə qədər ki, sənin indiki fəhlə və kəndlilərinin adı kablayı və məşədidir, - onlardan savad gözləmək olmaz, olmaz! (çünki fikirlər müqəddəs zəhər ilə zəhərləniblər!)"
İnsanlar elm, təhsil və düşünməkdən uzaq tutulmalıdır, əks təqdirdə onları istismar etmək olmaz. Yəni bəsit desək, bütün yaşanan bədbəxtliklər əsrlərdir davam edən yemək və hökm etmək davasından qaynaqlanır ki, bunu da düşünməkdən məhrum edilmiş zavallı müsəlmanların şüuru anlamır. Çünki müqəddəs zəhər çoox güclüdür...