FHN-in Akademiyasında Heydər Əliyevin xatirəsinə anım mərasimi keçirilib Hadisə

FHN-in Akademiyasında Heydər Əliyevin xatirəsinə anım mərasimi keçirilib

Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə Milli Məclisin deputatı, professor Fəzail İbrahimli, Akademiyanın rəhbər heyəti, əməkdaşları və kursantlar iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Akademiyanın rəisi, general-mayor Pənah Süleymanov dekabr ayının 1-dən 15-dək təhsil ocağındakı Heydər Əliyev Mərkəzində "Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur" və "Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzularında açıq dərslərin keçirildiyini bildirib, ulu öndərin dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolunda misilsiz xidmətlərindən danışıb.
Milli Məclisin deputatı, professor Fəzail İbrahimli XX əsr Azərbaycan tarixində milli ruhun, milli özünüdərkin yüksəlişində, müstəqil dövlətçilik ideyalarının gerçəkləşdirilməsində ümummilli liderin müstəsna rolundan söhbət açıb, onun siyasi kursunun layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi altında ölkənin sürətlə inkişaf etdiyini, onun Azərbaycan dövlətini dünyaya tanıtdığını bildirib. F. İbrahimli vurğulayıb ki, prezident İlham Əliyev Heydər Əliyevin demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu siyasətini uğurla davam etdirir.
Tədbirin sonunda FHN-in Heydər Əliyevin xatirəsinə həsr etdiyi "Sən elə bir zirvəsən..." sənədli filmi nümayiş olunub.