Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti Hadisə

Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə konfrans təşkil edib

Dünən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə təşkil etdiyi "Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti" mövzusunda konfrans öz işinə başlayıb.
Dövlət himninin oxunmasından sonra konfransı açan DQİDK-nin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu və Azərbaycanda bu sahənin sabit və sistemli şəkildə inkişaf etdiyini deyib. Ölkəmizdə müxtəlif dini konfensiyaların azad şəkildə fəaliyyət göstərdiyini bildirən Komitə sədri "din əbasına bürünən qaranlıq niyyətli müxtəlif dairələrin siyasi məqsədlərinin" həyata keçməsinə imkan verilməməsi üçün dövlətin dini icmalar və vətəndaş cəmiyyəti inistitutları ilə yaxından əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Konfransda çıxış edən Şura sədri, millət vəkili Azay Quliyev keçirilən toplantının dövlət-din münasibətlərinin təbliğinə dair mühüm əhəmiyyət daşıdığını qeyd edib. Şura sədri ölkəmizdə dinin dövlətdən ayrı olmasına baxmayaraq, cəmiyyət həyatının dindən kənar olmadığını vurğulayıb. Dünyada müxtəlif etnik və dini münaqişələrin davam etdiyi hazırkı dövrdə Azərbaycanda möhkəm ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu deyən Azay Quliyev, bu şəraitin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti inistitutlarının böyük potensiala malik olduğunu və konfransın bu imkandan səmərəli istifadə etmək məqsədi ilə keçirildiyini bildirib. Şura sədri dini icmalarla QHT-lərin daha yaxından iş birliyinə nail olmaq üçün konfrans çərçivəsində rəhbərlik etdiyi qurumla DQİDK arasında əməkdaşlıq memorandumu imzalayacaqlarını da qeyd edib.
Toplantıda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Şuranın və DQİDK-nin cəmiyyət üçün çox mühüm əhəmiyyət kəsb edən sahələrdə dövlət siyasətini uğurla həyata keçirdiklərini və belə qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini qeyd edib.