Nederland-Azərbaycan Jurnalistlər Birliyi nə üçün yaranmalıdır? Hadisə

Nederland-Azərbaycan Jurnalistlər Birliyi nə üçün yaranmalıdır?

Elnur Eltürk

Bir neçə gün bundan öncə Nederland-Azərbaycan Jurnalistlər Birliyi yaranması ilə bağlı sosial şəbəkədə yazdığım təklif böyük dəstək qazandı. Belə ki, yazılan yorumlar və fikirlər bunu təsdiqlədi. Xüsusilə, Nederlandda fəaliyyət göstərən Türk-Azərbaycan diaspor təşkilatları tərəfindən də dəstəyin gəlməsi belə birliyin yaranmasının zəruriliyini göstərdi. Əslində,bu ideyanı çoxdan fikirləşirdim. Bəlkə də məndən öncə də bu fikri səsləndirənlər də olub. Şübhəsiz ki, bu belədir. Ola bilər ki, bu ideyanı ilk dəfə mediada səsləndirməklə birliyin yaranmasının özülü ola bilər. Sual yarana bilər ki, belə bir qurum hansı zərurətdən yaranmalıdır? Hesab edirəm ki, birliyin yaranması ölkəmiz üçün informasiya sahəsində əhəmiyyəti böyük olmaqla yanaşı, iki dövlət arasında əlaqələrin inkişafına müsbət təsir göstərər. Media nümayəndələrinin qarşılıqlı səfərlərini təşkil etməklə, iki ölkənin daha da yaxından tanıdılmasına kömək etmək olar. Eyni zamanda erməni diasporunun fəaliyyətinə zərbə vurmaqla bərabər,onların ölkəmiz haqqında apardığı antitəbliğatı zəiflətməyə nail ola bilərik. Bu, diasporumuzun inkişafına təkan verər. Təcrübəli insanlarımızı bir araya gətirib,güclü media mərkəzimizi formalaşdıra bilərik. Gələcək bunu ümumavropa səviyyəsində formalaşdıra bilərik. İnanıram ki, dostlarımız Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyi üzvü,jurnalist Vüqar Abbasovun bu birliyə sədr olması ilə bağlı təklifimi anlayışla qarşılayıblar. Təklifimdə Vüqar Abbasovun üzərində nə üçün dayandım? Ola bilər ki, bəzi dostlarımız Vüqar Abbasovla dostluğumuzu nəzərə alıb, təklifimi bununla əlaqələndirə bilərlər. Əsla, elə deyil. Hər şeydən əvvəl Vüqar Abbasov Azərbaycan Dövlət Televiziyasında (AZTV) 10-ildən çox çalışıb. Üstəlik,yerli mediada məqalə və yazılarla çıxış edib. Nederlandda yaşadığı 5 il ərzində holland dilini yaxşı səviyyədə öyrənib. Həmçinin,Hollandiya mediası və siyasi-ictimai diarələrlə uğurlu əlaqələr qurub. Bunun nəticəsidir ki, Hollandiya Jurnalistlər Birliyinin üzvü seçilib. Daşıdığı vəsiqəni öz maraqları naminə yox,Azərbaycan adına istifadə edib. Bu gün də bu istiqamətdə çalışmalarını davam etdirir. Həmçinin, hər zaman regional qəzetlərlə yanaşı, ölkənin nüfuzlu qəzetlərində Azərbaycanla bağlı məqalələr yazaraq,ölkəmizin mədəniyyəti,tarixi və dəyərləri haqqında da insanları məlumatlandırıb. Hollandiya mediası ondan müsahibələr götürüb. Vüqar bəzən Hollandiyanın nüfuzlu qəzetlərində elə yazılarla çıxış edib ki, həmin yazıların Azərbaycan üçün əhəmiyyəti hədsiz dərəcədə böyük olub. Sadəcə olaraq, Vüqar təvözakarlığından irəli gələrək, adının çəkilməsini istəməyib. Amma nəzərdən qaçırmaq olmaz ki, bu günə qədər Azərbaycanın Nederland tanıdılmasında bu ölkədə fəaliyyət göstərən Türk-Azərbaycan diaspor təşkilatlarının xidmətləri danılmazdır. Bu faktı danmaq qeyri-mümkündür. Onlar hər biri istər ayrılıqda, istərsə də birlikdə Azərbaycan adına maraqlı tədbirlər və layihələr həyata keçirirlər. İstərdim ki, Nederland-Azərbaycan Jurnalistlər Birliyi diaspor təşkilatlarımız arasında əlaqələndirici olsun və birliyimizə kömək eləsin. Bu gün bizə birlik və həmrəylik lazımdır. Onu da xatırladam ki, qarşıdan 2015-ci il saxta erməni soyqırımın 100 illiyi yaxınlaşır. Hər şey aydındır.