Yenə qar yağacaq, şaxta olacaq Hadisə

Yenə qar yağacaq, şaxta olacaq

Bu gün Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi ərazilərdə qarın yağması, səhər tədricən kəsiləcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, axşam bəzi yerlərdə zəif duman olacaq.
Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 şaxta, səhər gündüz 0-3 isti təşkil edəcək. Yollar buz bağlayacaq.
Fevralın 5-də Azərbaycanın rayonlarında da hava şəraiti əsasən gün ərzində yağmursuz keçəcək, lakin bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 6-11 şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 16-21 dərəcə şaxta, 5-10 dərəcə şaxta olacağı gözlənilir.
Məlumatda qeyd olunur ki, ötən gün havanın temperaturu iqlim normasından 8.4 dərəcə aşağı olub, minimal temperatur Bakı və Abşeron yarımadasında 7 dərəcəyədək şaxta, aran rayonlarında 11 dərəcəyədək şaxta, Kiçik Qafqazda 20 dərəcəyədək şaxta, Böyük Qafqazda 16 dərəcəyədək şaxta, bəzi ərazilərdə 20 dərəcəyədək şaxta, Şahdağda 23 dərəcə şaxta, Naxçıvan MR-da 10-17 dərəcə şaxta təşkil edib.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə isə havaların soyuması ilə əlaqədar ölkənin bir sıra magistral yollarını buz bağlayıb. İdarədən bildirilib ki, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Masallı-Yardımlı, Lənkəran-Lerik, Bakı-Şamaxı-Yevlax istiqamətlərində yollar buz bağlayıb.