“Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib” Hadisə

“Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib”

Xanlar Vəliyev: "Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub"

Azərbaycanın hərbi prokuroru Silahlı Qüvvələrdə ötən il qeydə alınan cinayətlərin statistikasını açıqlayıb. APA-nın məlumatına görə, bu barədə Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.
O qeyd edib ki, 2013-cü ilə nisbətən ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış cinayətlər 9,4 faiz, o cümlədən hərbi xidmət əleyhinə cinayətlər 13 faiz, tabelik qaydası əleyhinə 19,4 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 17,1 faiz, fərarilik 33,3 faiz, maşınları idarə etmə və istismar qaydalarını pozma 18,2 faiz, qəsdən sağlamlığa zərər vurma 33,3 faiz, qəsdən adam öldürmə 7 faiz, xuliqanlıq 75 faiz azalıb. Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərk etmə halları baş verməyib. Hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusi ilə ağır cinayətlərin açılması təmin olunub.
X. Vəliyev bildirib ki, cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də, hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin çox böyük əhəmiyyəti olub. Bununla yanaşı, ötən il bəzi cinayətlərin cüzi artımı qeydə alınıb, 2013-cü illə müqayisədə qeyri-hərbi cinayətlərin sayı 1,7 faiz çoxalıb.
Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə bu cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən ildə də iki dəfə Respublika Hərbi Prokurorluğunun kollegiyasında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilməklə müzakirə edilib. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyanın qərarlarına əsasən silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədi ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilməklə icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
X. Vəliyev bir daha vurğulayıb ki, Silahlı Qüvvələrdə və qanunvericiliyə uyğun olaraq yaradılan digər silahlı birləşmələrdə qəsdən və ehtiyatsızlıqdan adam öldürmə, özünü öldürmə, eləcə də düşmən tərəfindən açılmış atəş nəticəsində xəsarət almış və ya öldürülmüş, habelə xəstəliklə bağlı və ya avtoqəza nəticəsində baş vermiş ölüm hadisələri ilə əlaqədar hər bir fakt üzrə hərbi prokurorluq orqanları tərəfindən dərhal Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanır, istintaqın tam, hərtərəfli və obyektiv aparılmasını və cinayəti törətmiş şəxslərin məhkəmə məsuliyyətinə cəlb edilməsini təmin etmək məqsədilə həmin cinayət işləri Respublika Hərbi Prokurorluğu tərəfindən xüsusi nəzarətdə saxlanılır.