Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb Hadisə

Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

Fevralın 12-də Binəqədi rayonunun 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat iclası keçirilib. Tədbirdə həmçinin, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə elan etdikləri "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmış, qaliblər mükafatlandırılıb.
Hesabat iclasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatları - Madər Musayev, Rafael Cəbrayılov, rayonun müxtəlif təşkilatlarının, habelə aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və qalib jurnalistlər qatılıblar.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Hesabat iclasında əvvəlcə Binəqədi rayonunun 2014-cü ildə sosial-iqtisadi, mədəni və humanitar sahələrdəki uğurlarından bəhs edən film nümayiş olunub.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov toplantı iştirakçılarını salamlayaraq 2014-cü ildə rayonda həyata keçirilən layihələr, abadlıq-quruculuq işləri və əldə olunan nəticələr barədə məlumat verib. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Binəqədiyə 7 dəfə səfər etdiyini xatırladan rayon icra hakimiyyətinin başçısı bu yüksək qayğının nəticəsi olaraq rayonda abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını, strateji əhəmiyyətli sosial-inzibati, mədəni obyektlərin açıldığını, əhalinin sosial rifah halının yaxşılaşdığını bildirib. 2014-cü ildə "Təmiz Binəqədi" layihəsinin icrasına başlanıldığını diqqətə çatdıran Xaləddin İsgəndərov bildirib ki, məqsəd ilk Avropa Oyunları ərəfəsində rayonda abadlıq-quruculuq işlərini genişləndirmək, təmizliyi, səliqə-sahmanı təmin etməkdir.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov geniş hesabat məruzəsi ilə çıxış edərək ötən il rayon iqtisadiyyatının ən müxtəlif sahələrində əldə olunmuş uğurlu göstəricilərdən, həyata keçirilmiş ababdlıq-quruculuq və yenidənqurma işlərindən və 2015-ci ildə qarşıda duran vəzifələrdən söz açıb.
Hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi şəhər bələdiyyəsinin sədri Sitarə Cabbarlı ölkədə həyata keçirilən gənclər siyasətindən danışmış, habelə Binəqədi rayonunda gənclərin özlərini təsdiqləmələri və dövlət idarəçiliyində təmsil olunmaları üçün lazımi şəraitin yaradıldığını vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin Adiministrasiyasının məsul işçisi Tağı Tağıyev çıxışında ötən il ölkəmizin müxtəlif sahələrdə əldə etdiyi uğurlara diqqət çəkib, Binəqədinin son illər sürətlə inkişaf edən və müasirləşən paytaxt rayonlarından biri olduğunu qeyd edib.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu dilə gətirib. O, həmçinin jurnalistləri rayonla bağlı yazılar hazırlayarkən obyektivlik prinsipini qorumağa, mövcud problemləri göstərməyə çağırıb. Keçirilən fərdi jurnalist yazıları müsabiqələrinin əhəmiyyətini qeyd edən Xaləddin Isgəndərov müsabiqənin yekun nəticələri barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.
Vüqar Səfərli bildirib ki, hesabat iclasında nümayiş olunan filmdə və məruzədə yer alan makroiqtisadi göstəricilər Binəqədi rayonun ötən il uğurlu inkişaf yolu keçdiyini bir daha təsdiqləyir. Vüqar Səfərli ölkə başçısının 2014-cü ildə rayona 7 dəfə səfər etməsi faktını xüsusi vurğulayaraq, bu yüksək diqqətin nəticəsi kimi Binəqədi rayonunun hesabat ilində mühüm nailiyyətlərə imza atdığını diqqətə çatdırıb.
Çıxışını davam etdirən Fondun icraçı direktoru əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş hüquqi və siyasi islahatların nəticəsi olaraq Azərbaycanda kütləvi informasiya vasitələrinin sürətli inkişaf yolu keçdiyini, söz, fikir və məlumat azadlıqlarının təmin edildiyini, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının yaxşılaşdırıldığınıvurğulayıb. Vüqar Səfərli bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyini, KİV-lərə dövlət qayğısının ardıcıl və sistemli şəkildə gerçəkləşdirilməsi məqsədilə ölkə başçısının 2008-ci il 31 iyul tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası"nın təsdiq edildiyini diqqətə çatdırıb və həmin Konsepsiyadan irəli gələn məsələlərin reallaşdırılması üçün ölkə başçısının 2009-cu il 3 aprel tarixdə imzaladığı fərmanla Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldığını xatırladıb.
Vüqar Səfərli daha sonra Fondun KİV-lərə Dövlət Dəstəyi Konsepsiyasına müvafiq olaraq 2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əlaqələrin genişləndirilməsi, jurnalistlərin maarifləndirilməsi və yaradıcı fəaliyyətlərinin stimullaşdırılması məqsədilə keçirdiyi birgə konfrans və müsabiqələr barədə ətraflı məlumat verib.
İcraçı direktor Fondun Binəqədi Rayon İcra Hakimiyyəti ilə birgə 2014-cü il noyabrın 3-dən dekabrın 19-dək keçirdiyi müsabiqəyə 24 kütləvi informasiya vasitəsindən 41 yazının daxil olduğunu dilə gətirib. Vüqar Səfərli müsabiqə üzrə 6 nəfər jurnalistin əsas, 19 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 25 nəfərin mükafatlandırılması barədə qərarın qəbul olunduğunu bildirib.
Vüqar Səfərli media ilə əməkdaşlığın inkişafında fəal roluna görə Binəqədi rayonunun rəhbərliyinə təşəkkürünü bildirərək yaxın perspektivdə "Təmiz Binəqədi" layihəsinə həsr olunmuş növbəti birgə müsabiqənin təşkil olunacağını da qeyd edib.
Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.
Hesabat iclasının sonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.
Xatırladaq ki, "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda keçirilən müsabiqədə 1-ci mükafata "Mövqe" qəzetinin müxbiri Mübariz Bayramov layiq görülüb. 2-ci yeri "Səs" qəzetinin şöbə müdiri Zümrüd Bayramova və "Bakı-Xəbər" qəzetinin redaktoru Samirə Səfərova, 3-cü yeri isə "Bütöv Azərbaycan" qəzetinin redaktoru İlham Məmmədli, "Paralel" qəzetinin baş redaktorunun I müavini Yusup Əhmədov və "Həftə-içi" qəzetinin redaktoru Elxan Salahov bölüşüblər.
Bundan başqa, daha 18 jurnalist həvəsləndirici mükafat alıb.