Öldürmə, yaşat Hadisə

Öldürmə, yaşat

Elçin Mirzəbəyli

...Azərbaycan mediası Türkiyədə tələbə qızın zorlanaraq qətlə yetirilməsini bir neçə gündür gündəmdə saxlayır. Etirazım yoxdur. Dünyanın hansı ölkəsində baş verməsindən asılı olmayaraq, zorakılıq, günahsız, müdafiəsiz insanların qətlə yetirilməsi, hüquqdan kənar hərəkətlər pislənməli, lənətlənməlidir.
Amma Azərbaycandakı durum heç də Türkiyədən yaxşı deyil axı... Türkiyədə heç olmasa zorakılığa qarşı bir dirəniş var. Media, siyasi partiyalar, qeyri-hökumət təşkilatları qadına qarşı zorakılığı daim diqqətdə saxlayır, cəmiyyətin aparıcı simaları ibtidai icma təfəkküründən doğan cinayət hadisələrinə münasibətdə vahid mövqedən çıxış edir, qadınların zorakılığa qarşı susmamaları, öz hüquqlarını bilmələri və qorumaları üçün əllərindən gələni əsirgəmirlər.
Az qala hər gün qadınlar qətlə yetirilir, intihara sövq edilir, döyülür, təhqir olunur, aşağılanırlar... Bəlkə də hər birimizin gözünün önündə, qonşuluğunda baş verir bu hadisələr... Sonra da sir-sifətindən cəhənnəm yağan, ibtidai icma qurluşunun insanlarını xatırladan birisi efirə çıxıb ağzı köpüklənə-köpüklənə "namus üstündə öldürdüm" deyib cinayət əməlinə haqq qazandırır. Bu ölkədə qadını nəinki xəyanət faktına, hətta ehtimala, şübhəyə görə qətlə yetirirlər...
Bəlkə də çoxları belələrinə haqq qazandırır, hələ bir ürəyində "kişi adamsan" da deyir...
Mən bu "namus qəhrəmanları"ndan bircəciyinin belə döyüş meydanına girib düşmənlə üz-üzə qala biləcəyinə inanmıram! Belələrinin ancaq qadına gücü çata bilər. Belələri öz natamamlıqlarının əvəzini özlərindən dəfələrlə zərif və gücsüz olan insanlardan – qadınlardan, uşaqlardan, qocalardan çıxmağı bacarırlar! Özlərindən azacıq güclü olanların qarşısında müti bir köləyə çevrilirlər!
Namus...
Namuslu olmaq ilk növbədə namuslu yaşamağı bacarmaqdır! Namuslu yaşamaq oğurluq etməmək, başqasının haqqını mənimsəməmək, dürüst və təmənnasız olmaq, insanlara sevgi ilə yanaşmaq, zəifə, gücsüzə əl uzatmaq, yıxılanı ayağa qaldırmaq, haqsızlığa göz yummamaq, ədalətsizliyə qarşı səsini ucaltmaq, yaşadığın evin, elin, ölkənin təəssübünü çəkmək, qorumaq, bir ailə sahibi kimi üzərinə düşən məsuliyyəti anlamaq, ən çətin anlarda belə insanlığını itirməmək, asi olmamaq, Tanrının yaratdıqlarına sayğı duymaqdır!
Namuslu olmaq öldürməyi deyil yaşatmağı bacarmaqdır!
Öldürmə, yaşat!