Əzizim Rəşad… Hadisə

Əzizim Rəşad…

Qənirə Paşayeva

Doğum günündə Ermənistan tərəfindən Qaradağlıdakı evləri işğal olunan və atası şəhid olan Rəşaddan danışmaq istəyirəm. Qaradağlı faciəsini yaşadığımız gündən 23 il keçdi! – Bir igidin ömrü qədər... Şəhidlərimizə Tanrıdan rəhmət diləyir və qanınız yerdə qalmayacaq deyirik, əlbəttə. Əlbəttə, Qaradağlıya mütləq qayıdacağıq! Bu gün Qaradağlıdan yazacaqdım, amma ötən gün axşam qarşıma gözlərinin dibinə çökmüş dəhşətli ağrını gördüyüm Rəşad Zeynalov çıxmasaydı... Türkiyədə Hazar Strateji İnstitutunun təşkilatçılığı ilə bu qardaş ölkədə keçirilən "Ermənistanın işğalı altındakı Azərbaycan torpaqları" mövzusunda, yəni Qarabağ mövzusunda qısametrajlı film yarışmasının qaliblərinə ödüllərin təqdimat törənində 32 film arasından ilk 4 yeri tutanlardan biri də o idi. 2-ci yerin qalibi elan olunanda səhnəyə bir gənc oğlan çıxdı. Gözlərinin dibində qəribə bir hüzn, kədər, acı vardı onun... Amma bunlarla yanaşı, qəribə bir mübarizlik, cəsarət də oxunurdu gözlərindən, üzündən... Və sözlərinə belə başladı Rəşad: "Millət vəkilimiz Qənirə Paşayeva çıxışında Xocalıda, Qaradağlıda valideynlərini itirən uşaqlardan, onların acılarından danışdı. O uşaqlardan biri də mənəm. Bu gün mən Qaradağlı faciəsi ilə bağlı çəkdiyim filmlə bağlı ödül alıram. Nə qəribə təsadüfdür ki, sabah Qaradağlının işğalından, o faciənin, soyqırımın yaşandığı gündən 23 il keçir. Atamın şəhid olduğu gündən də 23 il keçir... Amma ən acısı odur ki, sabah mənim doğulduğum gündür. Mən 25 il əvvəl atamın öldüyü gün doğulmuşam. Mən Qaradağlını itirdiyimiz gün doğulmuşam. Ona görə də heç bir zaman doğum günümü qeyd etməmişəm. Belə bir gündə doğulduğum üçün hətta çox əzab da çəkmişəm. Kamala dolduqca düşündüm ki, əslində mənim atam ölməyib, o, həmin gün mənim cismimdə yenidən doğulub. Mən heç zaman qeyd etmədiyim doğum günümü Qaradağlını işğaldan azad etdiyimiz gün qeyd edəcəm. Mənim doğum günüm o gündən başlayacaq!" O, görmədiyi atasını, onun qəhrəmanlığını, yaşadığı acıları xatırlatdı və içində bir an da olsun sönməyən Qaradağlıya qayıtmaq arzusundan danışdı –inam dolu arzudan! Türkiyə toplumuna, dünyaya, insanlığa səsləndi. O danışdı, biz ağladıq! Amma özü ağlamadı və biz mütləq Qaradağlıya qayıdacağıq - dedi. Atasını şəhid verən, ailəsi ilə köçkün həyatı yaşayan Rəşad həyatın bütün əziyyətlərinə baxmayaraq, mücadilə edib, oxuyub, Türkiyəyə təhsil almağa gəlib, özünün və yaxınlarının cüzi imkanları ilə qısametrajlı film çəkib və "biz hamımız Qaradağlıya, bütün o gözəl torpaqlarımıza qayıtmaq üçün daha da çox çalışmalıyıq" deyirdi... 1-ci yerin qalibini elan etmək üçün səhnəyə çıxanda əlini sıxdım, bir-birimizin gözlərinə baxdıq və o sözsüz söhbətdə sözlərin anlada biləyəcəyindən daha çox şeylər danışdıq. Qalibi elan etmk üçün mənə təqdim edilmiş mikrafonda söylədiklərimdən sadəcə bunlar yadımdadır: "Sabah bizim üçün çox ağır bir gündür və biz səni, ağrılarını, bu günə qədər doğum günü qeyd etməməyinin nə demək olduğunu hiss edirik; sənin və bütün şəhid ailələrimizin acısını paylaşırıq. Bununla belə, mən və hamımız səni bu gün, fevralın 16-ı təbrik etmək istəyirık. Nə yaxşı ki, doğuldun! Qaradağlını itirdiyimiz gün onun üçün canından belə keçməyə hazır bir qaradağlılı, Vətəninə layiq gerçək bir oğul doğulub. Sən şəhid atana layiq bir övladsan, Rəşad! Biz, burada olan hər kəs sənin doğum gününü təbrik edərkən, onu da deyirik ki, sənin əsl doğum gününü, özünün də dediyin kimi, Qaradağlını azad edəndə qeyd edəcəyik!" - dedim. Razılaşdıq Rəşadla. Bugün, Xocalı soyqırımı ilə bağlı tədbirlərdən sonra Qaradağlını itirdiyimiz və Rəşadın doğulduğu, heç zaman qeyd etmədiyi doğum günündə bir yerdə oturduq, söhbət etdik. Qaradağlı ilə başladıq, Qarabağla bitirdik... O, doğulduğu gündən evinə dönüş üçün mücadilələrə həsr edilmiş bir ömür payı daşıyır... və bəlkə də, özünün dediyi kimi, şəhid atasının ruhu onun cismi ilə yenidən doğulub. Onun doğurdan da gerçək doğum günü doğum günü itirdiyi Qaradağlıya dönüş günü ola bilər! 25 yaşını bir daha təbrik edirik, əzizim Rəşad! Mən də sənə sənin və hamımızın ən böyük arzusunu diləyirəm: Gələn ilki doğum gününü, sənin əsl doğum gününü Qaradağlıda qeyd edək!