İlham Əliyev ümumxalq şənliyində iştirak edib Hadisə

İlham Əliyev ümumxalq şənliyində iştirak edib

Dünən Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Novruz şənliyində iştirak ediblər.
Dövlətimizin başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.
Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Dövlətimizin başçısı bayram şənliyində nitq söyləyib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəliblər.
Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər və idman stendləri bayram şənliyinə xüsusi çalar qatıb. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılanıb.
Dövlətimizin başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğurub.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib.
Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxıblar.
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində "Bakı-2015" birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izləyiblər.