Birinci Avropa Oyunlarının siyasi və iqtisadi əhəmiyyəti Hadisə

Birinci Avropa Oyunlarının siyasi və iqtisadi əhəmiyyəti

Ramiz Aliyev: "Avropa Oyunlarının ölkəmizdə keçirilməsi hər bir vətəndaşımızın uğurudur"

Vüqar Bayramov: "Oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək"

Cavid

Birinci Avropa Oyunlarının vaxtını Azərbaycanı sevən qüvvələr nə qədər səbirsizliklə gözləyirlərsə, ölkəmizə qarşı düşmən mövqedə dayanan dairələr də bir o qədər həyəcan və narahatçılıqla qarşılayırlar. Hər vasitə ilə ölkəmizin imicinə zərbə vurmağa, bu oyunların statusu və ona olan marağı azaltmağa çalışsalar da, onların bu istəyi baş tutmur. Əksinə hər ötən gün Birinci Avropa Oyunlarına olan maraq bir qədər də artır. Bu tendensiya isə Azərbaycanı istəməyən qüvvələrin istək və arzularının reallaşmayacağını söyləməyə əsas verir.
Elə politoloq Ramiz Alıyev də bu qənaətdədir. Onun sözlərinə görə, tam əminliklə demək mümkündür ki, Azərbaycan dostlarımızın gözlədiyi, düşmənlərimizin arzulamadığı böyük bir uğura imza atıb yarışları yüksək səviyyədə təşkil edəcək.
Onun sözlərinə görə, Azərbaycanda hər dəfə beynəlxalq əhəmiyyətli bir tədbir keçiriləndə həmin qüvvələr ölkəmizə qarşı hərəkətə keçir: "Anti-Azərbaycan qüvvələrinin bu oyunlara qarşı apardığı kampaniyanın məqsədi birdir, Azərbaycanın belə bir böyük uğur qazanmasına qısqanclıq və bacardıqları qədər bu uğura ləkə yaxmaq. Daxildə olan antiAzərbacan qüvvələr özləri bəlkə də dərk edə bilmir ki, bu cür riyakarcasına və xəcalət verici xidmətlə erməni lobbisinin dəyirmanına su tökmüş olurlar. Axı özünü bir ölkənin vətəndaşı hesab edən və həmin ölkəyə xidmət etməyə borclu olan bir vətandaş necə şərəfsiz ola bilər ki, ölkəsinin, dövlətinin uğuruna bilərəkdən ləkə gətirmək üçün canfəşanlıq etsin. Hakimiyyətə müxalif olmaq olar, hakimiyyətdə olan siyasi partiya ilə barışmayan məqamlar ola bilər, ancaq dünyanın dəstəklədiyi və hər bir ölkənin qəbul etdiyi bu uğurumuza müxalifət olmaq, düşmənlərimizlə eyni siyasi cəbhədə olmaq özündə onu ehtiva edir ki, sabah cənab Ali Baş Komandan əmr versə ki, torpaqlarımızı müharibə yolu ilə azad edək onda həmin bu şəxslər və siyasi partiya nümayəndələri Ermənistan ordusu ilə birgə Milli Ordumuza qarşı vuruşacaqlar. Xaricdəki antiAzərbaycan qüvvələr isə heç cür həzm edə bilmirlər ki, Ermənistan səfalət içində batdığı bir dövrdə Azərbaycan belə bir qüdrətə malikdir".
Politoloq bildirib ki, bu ərəfədə Avropa Olimpiya Komitəsinin Avropa Oyunlarına hazırlığı yüksək qiymətləndirməsi antiAzərbaycan qüvvələri məyus edib: "Yalnız Avropa Olimpiya Komitəsi deyil bütün beynəlxalq idman təşkilatları və Beynəlxalq Olimpiya Komitəsi də Azərbaycanın idman yarışlarına necə səylə və ciddi şəkildə yanaşdığının dəfələrlə şahidi olub. Belə bir dönəmdə istər Avropa Olimpiya Komitəsinin, istərsə də xarici ölkə təmsilçilərinin ölkəmizin bu yarışlara hazırlıqlarının yüksək formada olmasını bildirməsi həm daxili, həm də xarici düşmənlərimiz üçün bir ölüm hökmünün verilməsinə bənzəyir. Əlbəttə bütün planlarının alt-üst olacağını və Azərbaycanın yenə də böyük bir uğura imza ataraq dünyanın diqqətini ölkəmizə cəlb edəcəyini bizim düşmənlərimiz açıq şəkildə bilir. Ancaq onlara verilən görəv "milçək" rolunda olsa da oynamaq və artan nüfuzumuza ləkə yaxmağa cəhddir. Bu da təbii ki, alınan bir məsələ deyil. Çünki nə Azərbaycan dövləti zəif dövlətlərdən deyil, nə də onlar Azərbaycanla rəqabətə tab gətirə bilməz. Ona görə də hansı yeni planlar üzərində işləsələr də özlərindən və bir də pulla aldıqları adamlardan başqa kimsə onlara nə inmamayacaq, nə də onları dəstəkləməyəcək. Eyni zamanda biz də Azərbaycan vətəndaşı olaraq siyasi mənsubiyyətindən və cəmiyyətdə tutduğu mövqeyimizdən asılı olmayaraq azərbaycanlı olmağını sübut etməli, vətəndaşlıq borcunu yerinə yetirərək düşmənlərimizə imkan verməməliyik ki, dövlətimiz üçün çirkin siyasi oyunlar aparsınlar. Hər bir azərbaycanlı fərqində olmalıdır ki, belə bir beynəlxalq əhəmiyyətli və Avropada ilk dəfə keçirilməsi nəzərdə tutulan Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi hər bir vətəndaşımızın uğurudur".
İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, Avropa Oyunlarını iqtisadi baxımdan qiymətləndirdikdə birmənalı şəkildə yalnız cari oyunlar keçirilən zaman əldə edilən gəlirləri müəyyənləşdirmək doğru olmazdı.
Onun sözlərinə görə, Avropa oyunları keçirildiyi müddətdə cari gəlirlərin əldə edilməsinə imkan verməklə yanaşı, eyni zamanda, strateji baxımdan oyunlar başa çatdıqdan sonra ölkə iqtisadiyyatına vəsaitin daxil olmasına imkan yaradacaq: "Avropa oyunları keçirilən zaman ölkəyə xeyli sayda turistin gəlməsi nəzərdə tutulur. Beynəlxalq standartlara görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi 1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar keçirilən hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət, nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq. Cari gəlirlərə biletlərin satılması, yayım və reklam vasitəsilə əldə olunan gəlirlər də daxildir. Nəzərə alsaq ki, oyunlar müxtəlif xarici kanallar vasitəsilə yayımlanacaq, praktiki olaraq bu da həmin oyunların yayımlanmasından gəlir əldə etməyə şərait yaradacaq. Yerli və xarici şirkətlər Avropa oyunları zamanı özləri reklam kampaniyalarının aparılmasında maraqlı olacaq. Bu, artıq müşahidə olunmaqdadır və rəsmi tərəfdaşlar da var. Bu isə şirkətlərin reklam gəlirlərinin bir qisminin məhz bu oyunlara cəlb edilməsinə imkan yaradacaq".
V. Bayramov bildirib ki, Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir göstərəcək: "Ölkəyə gələn turistlərin xarici valyutanı milli valyutaya çevirməsi manata tələbin artmasına və xarici valyuta təklifinin çoxalmasına səbəb olacaq. Bu, MB-nin intervensiya siyasəti baxımından əhəmiyyətlidir. Avropa oyunları strateji baxımdan da Azərbaycan üçün gəlir vəd edir. İnşa edilən infrastrukturlar sonrakı dövrdə qlobal və beynəlxalq yarışların keçirilməsi üçün istifadə ediləcək. Azərbaycan İslam, Avropa Çempionatının yarımfinalını və digər beynəlxalq oyunları keçirməklə bağlı artıq razılıq əldə edib. Bu o deməkdir ki, xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək mümkün olacaq.
I Avropa Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik. Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını stimullaşdıracaq. Bu qiymətləndirmə göstərir ki, Avropa Oyunları Azərbaycanın tanıdılması hesabına xarici investisiyanın cəlb olunmasına da təsir göstərəcək. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən xarici investisiyaların cəlbinə şərait yaradacaq. Cari və strateji gəlirləri nəzərə alsaq, Avropa Oyunları iqtisadi baxımdan rentabelli bir layihədir. Bu da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya edə bilsin".