“Mitinqlər istirahət günləri keçirilməməlidir“ Hadisə

“Mitinqlər istirahət günləri keçirilməməlidir“

Siyavuş Novruzov: "300-400 adama görə bütün hüquq-mühafizə orqanları, ayrı-ayrı strukturlar, həmin günü işləmək məcburiyyətindədirlər"

Azərbaycanda mitinqlərin keçirilmə günü və müddətinin müəyyənləşdirilməsi təklif edilir.
Bu təkliflə Milli Məclisin ötən gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edib.
S.Novruzov bildirib ki, bir tərəfə hər hansı hüquq veriləndə digər tərəfin hüquqları pozulur: "Bir siyasi partiya, siyasi təşkilat 300-400 adamı toplamaqla mitinq keçirirsə, ona görə bütün hüquq-mühafizə orqanları, ayrı-ayrı strukturlar, insanlar həmin günü işləmək məcburiyyətindədirlər. Bu mitinqlərin əksəriyyəti istirahət günlərinə düşür. Ona görə də həmin insanlar məcburdur ki, öz istirahət hüquqlarından imtina etsinlər və onların toxunulmazlığını təmin etsinlər. Digər tərəfdən isə mitinqlərin keçirildiyi ərazilərdə yaşayan insanların da istirahət hüququ pozulur. Çünki həmin ərazilərdə yaşayan sakin məcburdur ki, iki saat kiminsə nəsə danışmağına qulaq assın".
Millət vəkili hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna bu məsələ ilə bağlı müddəa əlavə olunmalıdır.