“Avropada Azərbaycan diasporu bizim etibarlı dostumuzdur” Hadisə

“Avropada Azərbaycan diasporu bizim etibarlı dostumuzdur”

Benilüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri: "Avropadakı Azərbaycan diasporunun siyasi lobbi mərhələsinə keçmə zamanı yetişib"

"Əgər 10-15 il əvvəl Avropada Azərbaycanla bağlı yalnız məhdud dairədə və o qədər də xoş olmayan informasiyalar var idisə, artıq nəinki bütün avropalılar, hətta burada yaşayan etnik xalqların nümayəndələri Azərbaycandakı sivilizasiyanı dəyərləndirirlər. İndi Azərbaycan avropalıların, burada yaşayan xalqların daha səyahət etmək istədiyi ölkədir".
Bunu APA-ya müsahibəsində Niderland Yəhudi Tarix muzeyinin həmsədri və maliyyəçisi, Avropa-Niderland iş adamları Assosiyasiyasının vitse-prezidenti, Benilüks ölkələri üzrə yəhudi lobbisinin rəhbəri Joel Fresko deyib.
O qeyd edib ki, Azərbaycanda keçirilən tədbirlər, beynəlxalq yarışlar ölkənin etibarlılığından xəbər verir: "Bu da insanların Azərbaycandakı dəyişikliyə olan marağından irəli gəlir. Artıq bir dəb halını alıb ki, nüfuzlu beynəlxalq yarışlar bu ölkədə keçirilir. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə verilən qərar isə avropalıların bu ölkəyə sonsuz marağından irəli gəlir. Məndə olan məlumata görə, bu oyunları izləmək üçün minlərlə avropalı Azərbaycana gedəcək. Mən və bizim təşkilatların nümayəndələri də Azərbaycana getməyi planlaşdırırıq. Əminəm ki, bu oyunlar sizdə uğurlu keçəcək, çünki Azərbaycan qısa müddətdə keçdiyi yol bunu deməyə əsas verir".
J. Fresko onu da deyib ki, Avropada Azərbaycanla bağlı düşüncələrin formalaşmasında Azərbaycan diasporu fəal rol oynayıb: "Əgər 10 il əvvəl burada avropalı siyasətçilər, iş adamları arasında Azərbaycanı tanımayanlara rast gəlmək mümkün idisə, artıq adi holland, belçikalı və digərləri Azərbaycan barədə xəbərdardır. Bu gün Azərbaycanın məruz qaldığı faciələrə, təcavüzə burada azərbaycanlılarla yanaşı avropalılar da biganə qalmır. Bu da təbii ki, diasporunuzun buradakı fəaliyyətinin nəticəsidir".
Benilüks Azərbaycanlıları konqresi ilə əməkdaşlıq etdiklərini deyən yəhudi diaspor rəhbəri onu da bildirib ki, Azərbaycan diasporu burada elə bir səviyyəyə gəlib çatıb ki, artıq onun siyasi lobbi mərhələsinə keçmə zamanı yetişib: "Biz azərbaycanlılarla təcrübəmizi bölüşməyə daim hazırıq. Avropanın aparıcı siyasi partiyaları, parlamentləri bizimlə sıx əməkdaşlıq edir və biz bu əməkdaşlığı azərbaycanlılarla bölüşməyə hazırıq. Yəhudilərin bu sahədə min ildən artıq təcrübəsi var və biz azərbaycanlı dostlarımızın bu fəaliyyətdə olmasından məmnun olarıq. Çünki Avropada Azərbaycan diasporu bizim etibarlı dostumuzdur".