“Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də sizlərə qismət olsun!” Hadisə

“Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də sizlərə qismət olsun!”

Zakir Həsənov Böyük Vətən müharibəsi veteranlarını təbrik etdi

Faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə Azərbaycan müdafiə nazirinin təbirik mətni yayılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov Böyük Vətən müharibəsi veteranlarını 1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 70-ci ildönümü münasibətilə ürəkdən təbrik edib, hər birinə səmimi salamlarını çatdırıb: "Siz Qafqaz dağlarının ətəklərindən Berlinədək şanlı döyüş yolu keçmiş, qələbə naminə şəxsi rəşadət və şücaət nümunələri göstərmisiniz. İndi sizin sinənizi ölkənin ən yüksək orden və medalları bəzəyir. Harada, hansı cəbhədə vuruşmağınızdan asılı olmayaraq, azərbaycanlı olduğunuzu heç vaxt unutmamış, xalqımıza həmişə başucalığı gətirmisiniz.
Qələbənin 70 illiyi ərəfəsində mən bir daha ömrü yarıyolda qırılan, müharibədə həlak olan silahdaşlarınızı hörmət və ehtiramla yad edir, onların müqəddəs ruhları qarşısında baş əyirəm.
Əziz veteranlarımız, siz Böyük Vətən müharibəsi veteranlarının sonuncu mogikanlarısınız və yaşınızın 90-ı çoxdan haqlamasına baxmayaraq, ixtiyar çağınızda da gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində səylərinizi əsirgəmirsiniz".
Nazir qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev veteranların xidmətlərini həmişə yüksək qiymətləndirib, onları xalqımızın "qızıl fondu" adlandırıb: "Siz daim ölkə rəhbərliyinin, möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmusunuz.
Arzu edirəm ki, bundan sonrakı ömür payınızı da nəvə-nəticələrinizlə birlikdə şad-firavan yaşayasınız. Qələbə gününü gördüyünüz kimi, nəvə-nəticələrinizin Qarabağdan qələbə müjdəsi gətirəcəyi günü görmək də sizlərə qismət olsun!"