Aprel ayında qiymətlər artıb Hadisə

Aprel ayında qiymətlər artıb

Tərlan

2015-ci ilin aprel ayında ərzaq məhsullarının qiymətləri 0,5 faiz bahalaşmış, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,9 faiz ucuzlaşmış, ümumilikdə istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 0,2 faiz ucuzlaşmışdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ay ərzində qarabaşaq yarmasının, balıq məhsullarının, toyuq ətinin, yumurtanın, qarğıdalı yağının, şəkər tozunun, göyərtinin, çuğundurun, kartofun qiymətlərində ucuzlaşma, düyünün, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, zeytun və günəbaxan yağlarının, limonun, portağalın, naringinin, bananın, almanın, armudun, kələmin, kökün, soğanın, sarımsağın, spirtli içkilərin qiymətlərində isə bahalaşma müşahidə olunmuşdur. Aprel ayında qeyri-ərzaq mallarından parçaların, geyim və ayaqqabıların, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin qiymətləri ucuzlaşmışdır.
Ay ərzində əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq reyslər üzrə hava sərnişindaşıma nəqliyyatı tariflərində ucuzlaşma, respublikadan kənara dəmiryolu sərnişindaşıma nəqliyyatı tariflərində isə bahalaşma müşahidə olunmuşdur.
Aprel ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,9 faiz, o cümlədən birillik bitkilərin və diri heyvanlar və heyvandarlıq məhsullarının uyğun olaraq 0,1 və 2,2 faiz ucuzlaşmış, çoxillik bitkilərin istehsalçı qiymətləri isə 2,1 faiz bahalaşmışdır. Balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətləri 1,5 faiz ucuzlaşmışdır.
2015-ci ilin aprel ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 5,4 faiz bahalaşmışdır. Apreldə mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində metal filizlərinin hasilatı üzrə 4,0 faiz ucuzlaşma, xam neft və təbii qaz hasilatı üzrə 5,4 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə isə istehsalçı qiymətlərində 2,7 faiz bahalaşma müşahidə olunub.