Beyləqan rayon ƏSMM-nin direktoru vəzifəsindən kənarlaşdırılıb Hadisə

Beyləqan rayon ƏSMM-nin direktoru vəzifəsindən kənarlaşdırılıb

Səlim Müslümov: "Son 4 ayda öz vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən 277 əməkdaş və 47 mərkəz direktoru vəzifəsindən azad edilib"

Dünən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sədrliyi və Nazirliyin rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) direktorları, digər məsul şəxslərinin iştirakı ilə respublikada sosial müdafiə sahəsində aparılan islahat tədbirlərinin cari vəziyyəti və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, iclasda S.Müslümov Nazirlikdə ciddi kadr islahatlarının aparıldığını, son 4 ayda öz vəzifəsini yarıtmaz şəkildə yerinə yetirən və fəaliyyəti vətəndaşlarda yalnız mənfi rəy doğurmuş 277 əməkdaşın, o cümlədən 47 mərkəz direktorunun vəzifəsindən azad edildiyini bildirib: "Yardımların təyinatı prosesinə məsul olan, o cümlədən bu prosesdə vətəndaşlarla birbaşa ünsiyyətdə olan kadr korpusunun sağlam mənəviyyatlı, layiqli kadrlardan təşkil olunması istiqamətində işlər aparılır. Eyni zamanda, yardım alanların siyahıları həm Nazirliyin saytında, həm də ƏSMM-lərin inzibati binalarındakı müvafiq lövhələrdə cəmiyyətə açıqlanıb. Vətəndaşlar tərəfindən bu siyahılarda adları olan, lakin əslində dövlətdən yardım almağa ehtiyacı olmayan şəxslər barədə nazirliyə daxil olan hər bir müraciət ciddi araşdırılır. Araşdırmalar nəticəsində bir sıra ƏSMM tərəfindən ünvanlılıq prinsipinə əməl olunmadan yardım təyinatlarının həyata keçirildiyi aşkar edilib və bununla əlaqədar dərhal inzibati tədbirlər görülüb".
Aparılan işlərin müsbət nəticələrinin olduğunu, vətəndaşlardan şikayət xarakterli müraciətlərin sayının dəfələrlə azaldığını bildirən S.Müslümov bunun kifayət etmədiyini, bu sahənin bir nəfər vətəndaşda belə haqlı narazılıq yaratmaması üçün müvafiq tədbirlərin davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, inzibati tədbirlərlə yanaşı, yardımın təyinatı prosedurplarının yenidən formalaşdırılmaqla təkmilləşdirilməsi, bu sahədə məmur-vətəndaş kontaktının neqativ hallara şərait yaradan hal kimi aradan qaldırılması və şəffaf bir sistemin qurulması üçün mütərəqqi beynəlxalq təcrübədən istifadə olunmaqla institusional dəyişikliklərin tətbiqi təmin olunacaq. ƏSMM-lərdə vətəndaşların müraciətlərinə diqqət və həssaslıqla yanaşılmaması, süründürməçilik hallarına hələ də rast gəlindiyini qeyd edən S.Müslümov vətəndaşlarla görüşlər zamanı onların xeylisinin məhz belə hallardan narazılıq etdiklərini diqqətə çatdırıb: "Bəzən çox sadə bir məsələ ilə bağlı vətəndaş ƏSMM-lərdən izahat ala bilmir və bundan ötrü neçə-neçə instansiyaya müraciət ünvanlamalı olur. Mərkəzlərin əməkdaşları bilməlidirlər ki, onlar hər bir müraciət edən şəxsi dinləməyə, ona müraciəti ilə bağlı sadə şəkildə izah verməyə borcludurlar. Bu borcu unudan əməkdaşlara heç bir dövlət orqanında yer ola bilməz".
İclasda fəaliyyətində ciddi nöqsanlara yol verdiklərinə görə Beyləqan rayon ƏSMM-nin direktoru vəzifəsindən azad edilib, iki rayonun ƏSMM-lərin direktorlarına töhmət verilib, həmçinin ayrı-ayrı mərkəzlərin vəzifələrini düzgün şəkildə yerinə yetirməyən əməkdaşları barədə intizam tədbirlərinin görülməsi, sosial müdafiə sisteminin təkmilləşdirilməsi, ünvanlı yardım sisteminin avtomatlaşdırılması, əhaliyə xidmətin keyfiyyətcə yaxşılaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.