Millət vəkillərinin İlk Avropa Oyunları barədə təəssürütları Hadisə

Millət vəkillərinin İlk Avropa Oyunları barədə təəssürütları

Birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimi dünyanın diqqət mərkəzində oldu. Xarici ölkə KİV-ləri möhtəşəm mərasimi işıqlandırmaqla Azərbaycanın uğurunu dünyaya çatdırdılar.
Bir çox xarici ölkələrin təzyiqləri, iftira xarakterli silsilə xəbərləri, qərəzli yazıları Azərbaycanın tarixi uğuruna kölgə sala bilmədi. Azərbaycan dövləti bütün bunların öhdəsindən gələrək öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdi. Oyunlar ərəfəsində və ərzində Azərbaycana xeyli sayda turist, rəsmi qonaq və idmançı gəldi. Azərbaycana gələn xarici qonaqlar ölkəmizə hansı təəssüratlarla gəlib, hansı təəssüratlarla getdilər?
Modern.az saytı bu sualla Milli Məclisin deputatlarına müraciət edib.
Deputat Siyavuş Novruzov:
"Azərbaycana kifayət qədər turist, 6000-ə yaxın idmançı, onların məşqçiləri, digər federasiyaların rəhbərləri gəldi. Onların hər biri Azərbaycan haqda çox yüksək təəssüratlarla qayıtdılar. Çünki onlar Azərbaycanda olan inkişafın, ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın, quruculuq və abadlıq işlərinin, ölkəmizin mədəniyyətinin, incəsənətinin, mətbəxinin və digər məsələlərin şahidi oldular. Təbii ki, onların həm "Facebook", həm də "Twitter səhiflərində ölkəmizdə çəkdirdikləri müxtəlif şəkillərin qoyulması, özlərinin dostları ilə yazışmalarında da ölkəmiz haqda yazdıqları fikirlər Azərbaycanın geniş şəkildə təbliğidir.
Bəzi ölkələrin səfirlikləri Azərbaycan haqda öz səhifələrində Azərbaycanı təhlükəli bir ölkə kimi təqdim ediblər. Təbii ki, burda onların öz maraqları var. Çünki bu cür ölkələrdə işləyəndə onlar ikiqat və üçqat maaş alırlar. Ona görə də onlar çalışırlar ki, öz şəxsi maraqları hesabına öz səhiflərində və ya turizimlə bağlı olan səhifələrində Azərbaycan haqda düzgün olmayan başqa məlumatlatlar versinlər. Amma Azərbaycana gələn turistlər və idmançıların bunun həqiqətə uyğun olmadığını gördülər. Demək olar ki, bütün dünyadan Azərbaycana turistlər, o cümlədən bütün dünya televiziyaları da bu oyunları yayımlamağa gəlmişdilər. Həmin televiziyalar vasitəsilə ölkəmizin müxtəlif guşələri, rayonları, Bakı şəhəri, Azərbaycanın mədəniyyəti, incəsənəti qədimiliyi, tarixi, müasirliyi nümayiş olundu. Bu baxımdan Birinci Avropa Oyunları Azərbaycan üçün çox önəmli bir məsələ idi. Çox güclü bir təbliğat işi nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırıldı.
Azərbaycan ilk olaraq Birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Bu artıq Azərbaycanın qoyduğu standartlar deməkdir. Bundan sonra oyunları keçirəcək ölkə sırf Azərbaycanın standartlarına yaxınlaşamağa çalışaq".
Deputat Hadı Rəcəbli:
"Mən yalnız özümün şahidi olduğum bir faktı demək istəyirəm. Oyunlarda iştirak etmək üçün Azərbaycana gələn Avropa ölkələrindən birinin parlament sədri ilə dənizkənarı parka gəzintiyə çıxdıq. Onun bütün təhlükəsizlik məsələlərinin məsuliyyətini öz üzərimə götürüb belə bir addım atdım.
Həmin parlament sədri mənə yalnız bir söz dedi - "Azərbaycanın idman uğurlarını 21 qızıl medalda, ümumilikdə qazanılan 56 medalda gördüm. İdman oyunlarının uğurlarını maddi-texniki bazanın yaxşılaşmasını da, idman qurğularının tikilməsini də, oyunların yüksək səviyyəli təşkilində gördüm".
Gəzinti zamanı ona bildirdim ki, hansı gənci istəyirsən saxlayıb ingiliscə söhbət elə. İnanın, cavanların hamısı onunla ingiliscə danışdı. Qonaq bildirdi ki, ölkənizin, Azərbaycan prezidentinin ən böyük uğuru parkda gördüyüm sadə Azərbaycan vətəndaşlarının üzündəki xoşbəxtlik hissidir. İnsanların üzünə sizin uğurlarınız yazılıb. O üzlərdə xoşbəxtlik və sevinc var idi.
Cənab prezident İlham Əliyevlə görüş zamanı da o, bunları diqqətə çatdırdı".
Deputat Nizami Cəfərov:
"Bizim həm dostlarımız, həm də əleyhdarlarımız var. Çünki uzun illər Azərbaycana qarşı müxtəlif əks təbliğatlar olub. Ona görə də heç bizim ölkəni tanımadan hansısa təəssüratın və kiminsə diqqətinin nəticəsində mənfi münasibətlər olub. Eyni zamanda, dünyada Azərbaycanı tanıyan, sevən insanlar və qurumlar var.
Bəziləri bizə ikili standartla yanaşır. Bu mənada biz də çalışırıq ki, həmişə onlara ikili standartla baxaq. Amma müsbət mənada.
İnsanların mütləq əksəriyyəti bu gün ideoloji, sosial və siyasi təsir altındadır. Azərbaycana gələnlərin müxtəlif məqsədləri də ola bilir. Hər nə qədər çalışsaq da, elələri var ki, onları bizə qarşı dost istiqamətinə yönəltməyimiz də çətindir. Amma bununla yanaşı, bizim bir prinsipimiz var. Oyunlar zamanı da bu özünü göstərdi. Bizim əsas prinsipimiz ondan ibarətdir ki, bütün dünyanı və insanları özümüzə dost bilək. Bu mənada oyunlarda da mümkün qədər dostlarımızı daha yaxın elədik, bizə yaxşı baxmayan və fikirləri yaxşı olmayanları da dost bildik.
Görülən işlər tədbirin miqyası, keyfiyyəti və məzmunu elə idi ki, Azərbaycana gələn hər kəs ölkəmizdən xoş təəssüratla ayrıldı. Yəni ölkəmizin mədəniyyəti, insanı, xalqının səviyyəsi haqda ən azından müsbət fikirlə getdilər. Ölkəmizə heyran olanlar da oldu. Çünki çox böyük miqyaslı tədbir keçirildi.
Demək olmaz ki, gələnlərin hamısı yaxşı fikirdə deyildi, gedənlərin hamısı yaxşı fikirdə oldu. Belə primitiv düşünmək də olmaz. Amma hər halda, gələnlərin burdan təəssüratları çox yaxşı və yüksək oldu. Bu da Azərbaycanın hələ necə illər təhlil olunacağı, haqqında danışılacaq hadisə oldu. Bu, Azərbaycanı yüksəldir. İnanmıram ki, Azərbaycandan kimsə yüksək əhval-ruhiyyədə getməmiş olsun. Bu, mümkün deyil".
Deputat Aydın Mirzəzadə:
"Xaricilərin mətbuata verdiyi açıqlamalara görə onların Azərbaycan haqda təəssüratları yüksəkdir.
Onlar doğrudan da bir tərəfdən müasir, digər tərəfdən koloritli şərq ölkəsi gördülər. Azərbaycan onlara yaxın və bir daha qayıtmaq arzusunda olduqları bir ölkə təəssüratı yaratdı. Hesab edirəm ki, Birinci Avropa Oyunları Azərbaycanın bir çox xüsusiyyətlərini tamamilə ortaya qoydu. Onlardan biri də Avropanın Azərbaycanı özü üçün yenidən kəşf etməsidir. Ona görə də həm turist axınının, həm ölkəmizdə investisiya qoymaq istəyən şirkətlərin sayının artmasına, həm universitetlərdə təhsil almaq, həm də Azərbaycanla bağlı müəyyən araşdırmalar aparmaq istəyən insanların və təşkilatların sayının çoxalacağına ümid edirəm".