Mən Təbrizəm, Şəkiyəm, Bakıyam... Mədəniyyət

Mən Təbrizəm, Şəkiyəm, Bakıyam...

İbrahim Zahidin, Rizvanə Behinin, Əli Daşqının, İsmayıl Məmmədlinin, Nigar Xiyavinin yaradıcılığı



İnsani hissləri rəngarəng sənət ecazlarına çevirməkdə İbrahim Zahid mükəmməl formalar seçib. Zahidin qəzəlləri yüksək bədii obrazlılığı ilə diqqəti cəlb edir. Onun hər bir beyti poetik fiqurlarla zəngindir, həm də şair poetik fiqurun əlvan məna çalarlarından istifadə edir. Yaradıcılığını məşhur qəzəlxanlar Əliağa Vahidə, Seyidağaya, Əliağa Bakirə nəzirələrlə başlamış Zahidin qəzəllərində rədif şeirin məna gözəlliyinə nəinki xələl gətirmir, əksinə, qafiyə və vəhdətdə onun ritminə bir axıcılıq, ahənginə bir səlislik verir. İnsanı gözəllik vəslinə və gözəlliyə tapınmaq həsrətiylə çırpınan, həyəcanlar keçirib narahat olan "mən"in – lirik qəhrəmanın qəlbinə hakim böhranlı halların təsvirinə həsr edlmiş, əslində isə həyatın təsdiqi mahiyyətini daşıyan qəzəllər Zahid yaradıcılığında kifayət qədərdir...


Tuti necə ki, şövq ilə hər an şəkər istər,
Şəhdi ləbini ləblərin ondan betər istər.
Mən əzmi vüsal eyləmişəm, qorxu nə lazım?!
Hər müşkül olan məqsədə çatmaq xətər istər.
Bezmir ürəyim yansa da hey atəşi eşqdə,
Yandıqca yenə yanmağa səndən şərər istər.
Bir köhnə məsəl var, atalar böylə deyiblər,
Əmaqə dözər kim ki, dənizdən gövhər istər.
Sən sanma ki, kuyində həyatın hədər etdin,
Zahid səri kuyində həyatın hədər istər...


Məlum məsələdir ki, sənət əsərində forma ideya-tematik məzmunun ifadəsi üsulu kimi qiymətləndirilir. Ona görə də bədii növ, janr, dil kimi komponentlər forma elementləri hesab olunur. Janr, forma, məzmun hər bir əsərin fəal komponentləri olmaqla bərabər, sənət həqiqəti üçün də olduqca mühüm və vacib şərtlərdəndir. Bütün dünya ədəbiyyatında olduğu kimi Güney Azərbaycan poeziyasında da bu öz əksini tapıb. Lakin bununla yanaşı ədəbiyyatın, o cümlədən şeiriyyatın əsas aparıcı komponenti dildir. Hamıya bəllidir ki, Azərbaycan dili iltisaqi dillər qrupuna daxildir. Bu dilin xüsusiyyəti söz vurğusu ilə bağlıdır. Yəni vurğu bir qayda olaraq sözün son hecasına düşür. Lakin Azərbaycan şeirində ritmik imkan bir sıra xüsusiyyətlərlə zənginləşdirilir. Əvvəla, milli dil öz daxili imkanları hesabına zənginləşir, eyni zamanda dildə yeni sözlər yaradılır. İkincisi, flektiv dillərdən bir çox sözlər dilimizə daxil olur ki, onlar şeirin ahəngində keyfiyyət dəyişmələri əmələ gətirir.
Azərbaycan şeirində daim vəzn ölçüləri ilə formalaşan şeirlər xalqın dilinin əzbəri olub. Belə ki, əsasən əruz və heca vəzninin imkanları daha genişdir. Bu vəznlərdə bizim milli şeirimizin ən mühüm tarixi dövrü təmsil olunub. Artıq uzun illərdir ki, Güney Azərbaycanda da şairlərimiz bu vəznlərdə öz bədii düşüncələrini ilhamla sənət dilinə çevirə bilirlər. Bu vəznlər xalqımızın hiss və fikrinin poetik şəkildə ifadəsi üçün çox mü¬nasibdir. Xalqımızın poetik duyğuları hecalı, eyni zamanda rədifli və qafiyəli vəznlərə həddən artıq yaxındır. Çağdaş poeziyada hər iki vəzndə qələmlərini sınayan güneyli şairlər, hər iki vəzndə də mükəmməl sənət əsərləri yaradıblar.
Məlum məsələdir ki, şeirin qüdrəti onun hansı vəzndə yazıl¬masında deyil, yüksək səviyyədə yazılmasındadır:


Ayrıldıq çörəkdən çörəklənəndə,
Soyulduq tənədən çiçəklənəndə.
Dirçəlib-dirçəlib babəklənəndə,
Tutulub satıldıq biz iki qardaş.


Əli Daşqının heca vəznində dördlük (mürəbbe) yazdığı bu şeir orijinal üslubla yazılıb. Şairin üslubunu qüvvətləndirən, onun şeirindəki emosionallığı gücləndirən mühüm bədii vasitələrdən biri də təkrirdir. Cağdaş güneyli şairlərinin şeirlərində çox zaman bədii təkrir şeirin ahəngini, ritmini qüvvətləndirmək üçün işlədilir:


Mən Təbrizəm, mən Şəkiyəm, mən Bakıyam,
Mən Zəncənam, Mən Mərəndəm, Mən Sərabam.
Urmuluyam, Ərdəbiləm, Mən Arazam
Marağayam, Gəncə, Şuşa, Lənkəranam.
Mən Miyana, Naxçıvanam, Astarayam, Mil-Muğanam…


Şair İsmayıl Məmmədli coşğun bir əhval-ruhiyyəni vermək üçün bədii təkrirdən istifadə edib. Məlum məsələdir ki, heca vəznində ritmdən əlavə qafiyə də şeirin mühüm əlamətidir. Güneyli şairlərin şeirlərində də qafiyələr konkret lövhələr yaradır:

Dəniz sahilində yadıma düşdün,
Sən ey gəncliyimin anası Bakı.
Ayrı bir torpaqda sənlə görüşdüm,
Ömrümün nağıl tək səfası Bakı.

Burda da dalğalar dəyir sahilə,
Sənin sahilinə dəydiyi kimi.
Deyir hay-harayla,o gur səsiylə,
Mənim sənə olan əzəl eşqimi.

Fikrə getmişəm mən donub yerimdə,
Sən də bu sualların o tayındasan.
Duyuram havanı bircə ləhzədə,
Xəyalda keçmişi adlayan zaman.

Unudub bir anda bu uzaqlığı,
Uşaq tək sahildə qaçmaq istərəm.
Qoşulub sudakı qağayılara,
Sənin sahilinə uçmaq istərəm.

Xatirə ölməyir yaşanır illər,
Qurub vaxtı əziz dəqiqələrdə.
Nəsə gəncliyimə qayıdıram mən,
Dəniz üfüq ilə qovuşan yerdə.


Rizvanə Behin xanımın bu şeirində xəyal, sevinc, kədər, ümid kimi psixoloji hallar olduqca canlı lövhələrə əks olunub. Rizvanə Behin xanım bir çox şeirlərində həyatiliyi,təbiiliyi pozmadan şeirin əsas ideyasını və mündəricəsini olduqca təsirli və dolğun şəkildə ifadə edir. Rizvanə xanımın poeziyasının əsas mündəricəsini, estetik idealını təşkil edən həyati fikirlərə sadəcə olaraq nidalar kimi baxmaq olmaz. Hissi konkretlik, obrazlılıq onun poeziyasının əsas bədii xüsusiyyətidir. Şairə lirik və epik şeirlərində şeirin müxtəlif şəkillərinə müraciət edir, bu da onun əsərlərindəki sözlərə, mükamilərə dramatizm verir və bədii boyaları olduqca parlaq şəkildə nümayiş etdirir...
Şeirlərini süjet üzərində quran Rizvanə xanımın əsərləri poetik formalar cəhətdən də çox əlvandır. Bütün bunlar Rizvanə xanımın Azərbaycan ədəbi prosesində xüsusi çəkisi olmasını göstərir...
Özünü Şəhriyarın, Səhəndin mənəvi övladı sayan Nigar Xiyavi şeirlərində sələflərinin saf ənənəvi poetik formalarına və janrlarına olduqca ustalıqla müraciət edir. Ancaq Nigar xanım bununla kifayətlənmir, çox zaman yeni orijinal şəkillər icad edir və şeirə bədii suallarla yekun qoymaqla dərin fəlsəfi məna verir:


Hərdən ağır anlarla biz
Rast gəlirik dəniz-dəniz.
Nə üzməli, nə dözməli,
Çırpın görək, yazıq ürək,
Bu həsrətə necə dözək?...


Yaradıcılığında xalq şifahi şeiri şəkillərindən incəliklə istifadə edən Saplağın şeir şəkillərinə yaradıcı münasibəti şeir dilini zənginləşdirir, ahəngdarlığı artırır və lazım gələn yerdə şəkillə bağlı olan sünilikdən xilas edir:


Nəyi nəyə bölürük?
Əslən nəyi bölürük?
Çoxu aza böləndə,
Azın kefi saz olur.
Azı çoxa böləndə
Çoxun payı az olur.
İstəkləri böləndə
Artır, məhəbbət artır,
Qəzəbləri böləndə.
Nifrət qat-qat artır.
Eləsi var bölüm mən?
Ölümə də dözürlər.
Bölənlərə qoşulub
Diyə-gülə gəzirlər.
Ömür günə bölündü,
Zəhərli hicran payı,
Bizim elə bölündü.


Çağdaş Güney Azərbaycan şairlərinin üslub xüsusiyyətlərini müəyyənləşdirmək üçün hər şeydən əvvəl nəzərdə tutmaq lazımdır ki, bu şairlərin yaradıcılığa başladığı dövr bədii forma, xüsusən bədii dil, üslub sahəsində yeni axtarışlar dövrüdür. Bu şairlər qarşılarına bir tərəfdən indiyə qədər Azərbaycan və fars ədəbiyyatında işlənməmiş yeni janrların ilk nümunələrini yaratmaq, digər tərəfdən Şəhriyar kimi siyasi, ictimai-fəlsəfi lirikanın və liro-epik şeirin, məsnəvinin, bir sözlə yeni keyfiyyətə malik olan şeiri şəkil, dil üslubca yeniləşdirmək vəzifəsini qoymaqdadırlar.
Təbii ki, yeniliklər öz müxtəliflikləri ilə bərabər sənətə dil, üslub yeniliyi də gətirməlidir. Bu yenilik isə birdən-birə göydəndüşmə, asan yolla yaranmır. Buna nail olmaq üçün ədəbi ənənələrə, eləcə də Azərbaycan klassik və xalq şeirinin dil, üslub ənənələrinə istinad edib onları inkişaf etdirmək, əsrin tələblərinə, yeni estetik zövqlərə və yeni janr tələblərinə uyğun olaraq müasirləşdirmək lazımdır.
Məlumdur ki, Azərbaycan klassik şeirində Nəsimi, Xətai və Füzulidən başlamış XIX əsrin axırlarına qədər şeirin çox işlənmiş janrlarından olan qəzəl, qəsidə, məsnəvi çox möhkəm ənənəvi dil və üslub xüsusiyyətlərinə malik idi. İstər qəzəl, istərsə də qəsidə və məsnəvilərin dilində çoxlu ərəb və fars tərkibləri, sözlər, ifadələr işlədilir, canlı danışıq dilindən istifadə etməklə bərabər, arxaik sözlər və obrazlar da mühüm yer tuturdu. Xüsusən o zamana görə ən yüksək klassik şeir dili sayılan Fizuli dili və üslubu, qəzəl, qəsidə və məsnəvidə nəinki klassik üslubda yazan XVII-XVIII əsr şairləri, hətta Seyid Əzim kimi XIX əsr şairləri üçün də nümunə sayılırdı. XVII-XVIII əsr şairlərinin, istərsə də Seyid Əzim və onun müasirlərinin qəzəl və məsnəvilərində müəyyən söz,ləfz və məna yenilikləri, leksik, semantik yeniliklər olduqca qabarıq şəkildə nəzərə çarpırdı. Fars poeziyasının və ümumiyyətlə, fars dilində yaranan ədəbiyyatın güclü təsirinə məruz qalan Güney Azərbaycan şairlərinin əsərləri ilə ənənəvi dil, üslub xüsusiyyətlərində böyük bir dəyişikliyə uğramadan yaşayırdı. Lakin bu vəzifənin öhdəsindən gəlmək o qədər də asan deyildi...

Vüqar Əhməd
professor