İstiqlal Muzeyində kitab təqdimatı Mədəniyyət

İstiqlal Muzeyində kitab təqdimatı

Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin yaranmasının 98-ci ildönümü münasibəti ilə parlamnetin üzvü olmuş Hacı Səlim Axund Axundzadəyə həsr olunmuş sərgi və onun "Azərbaycan torpağına türbət demişəm" kitabının təqdimatı keçirilib. Sərgidə Hacı Mirzə Səlim Mirzə Axund Axunzadənin həyat və fəaliyyətini əks etdirən foto-sərgi nümayiş olunub.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsinin, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundovun, şərqşünaslıq İnstitutunun əməkdaşı, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidinin, tarix institutunun elmi işçiləri Dilavər Əzimli və Kamran İsmayılovun, ədəbiyyat institutunun elmi işçisi Rəhim Əliyevin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədovanın, tarixçi, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadənin, Əlyazmalar İnstitutunun əməkdaşı Aybəniz Rəhimovanın, tarix elmləri üzrə fəlsəfə doktoru Nəsiman Yaqublu, Daxili Qoşunların əsgərləri və media mənsubları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi açaraq, Hacı Mirzə Səlim Axund Axundzadənin həyatı haqda məlumat verib: "Hacı Mirzə Səlim Axund Axundzadə 1872-ci ildə Lənkəran şəhərində ziyalı ailədə anadan olub. İlk təhsilini atasının üsuli-cədid məktəbində aldıqdan sonra, Lənkəranda fəaliyyət göstərən rus gimnaziyasına daxil olur. Türkiyə və bir sıra Avropa ölkələrinə uzun müddətli səyahətə gedən Axundzadə Vətənə qayıdır və burada cərəyan edən siyasi hadisələrdə iştirak edir. Hacı Mirzə Səlim Axund Axundzadə 1918-ci ildə təşkil olunmuş Zaqafqaziya Seymində Müsəlman fraksiyasının üzvü olub. O, Zaqafqaziya Komissarlığında fəaliyyət göstərib. 1918-ci il may ayının 28-də Milli Şuranın üzvü olan Hacı Səlim Azərbaycanı müstəqil dövlət elan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsinə imza atır. Hacı Səlim Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentinin Müsavat və Birtərəf fraksiyasının üzvü olub. Azərbaycan Xalq Cümhuriyyəti dövrünü tədqiq edən "Azərbaycan torpağına türbət demişəm" adlı kitab Hacı Səlimin mühacirətdə olarkən yazdığı "Xatiratıdır". Kitabın tərtibatçısı Tufan Axundovdur".
Sonra kitabın tərtibatçısı, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Tufan Axundov söz alaraq Azərbaycan İstiqlal Muzeyinə göstərdikləri qayğıya görə təşəkkür edib: "Azərbaycan İstiqlal Muzeyinə minnətdaram. "Azərbaycan torpağına türbət demişəm" adlı kitabın təqdim edilməsində və muzeydə saxlanılmasında köməklik etdi. Mən bu muzeydə səmimiyyət gördüm. Muzeyin yaradıcı heyətinə təşəkkür edirəm".
Daha sonra tarixçi, filologiya üzrə fəlsəfə doktoru, professor Ədalət Tahirzadə kitab haqqında təəssüratlarını bölüşüb: "Azərbaycan torpağına türbət demişəm" adlı kitabı oxuyanda çox təsirləndim. Hətta kövrəldim. Gərək hər bir ziyalı öz qələmə aldığı əsərləri arxivləşdirsin. Bu kitab oxucularımız üçün çox önəmlidir. Bu işdə kitabın tərtibatçısı Tufan Axundova dəstək olduqları üçün Azərbaycan İstiqlal Muzeyinə təşəkkür edirəm. Bu muzey olduqca fədakardır".