“Xalçaçı günü” Mədəniyyət

“Xalçaçı günü”

Mayın 5-də İqtisadiyyat Nazirliyinin və "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə "Xalçaçı günü" peşə bayramına həsr olunmuş I Ümumrespublika konfransı keçirilib. Konfrans öz işinə "Azərxalça" ASC-nin mərkəzi ofisində başlayıb. İştirakçılar və qonaqlar cəmiyyətin fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, cəmiyyətin Füzuli filialının fəaliyyətini, regionlarda təşkil olunmuş tədris-hazırlıq kurslarını, beynəlxalq əlaqələrini, tikinti işlərini əks etdirən fotostendlər də nümayiş etdirilib.
Konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Xalçaçı günü" peşə bayramının ilk dəfə rəsmi şəkildə qeyd olunmasını Azərbaycan dövlətinin xalçaçılıq sahəsinə olan diqqətinin daha bir nümunəsi kimi dəyərləndirib, ölkəmizdə son illərdə bu istiqamətdə görülmüş işlər haqqında konfrans iştirakçılarına məlumat verib. Bildirib ki, İqtisadiyyat Nazirliyi "Azərxalça" ASC ilə birlikdə Sumqayıt Sənaye Parkında 2018-ci ilin sonunadək əyirici-boyaq fabrikinin yaradılması istiqamətində işlər görür.
"Azərxalça" ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov cəmiyyətin birillik istehsalat fəaliyyəti, bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında "Azərbaycan brendi"nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması və zənginləşdirilməsi, əyirici-boyaq fabrikinin yaradılmasına dair aparılan işlər və digər perspektivlər haqqında geniş hesabat məruzəsi ilə çıxış edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək ölkəmizdə Azərbaycan mədəniyyətinin bir hissəsi olan xalçaçılığa verilən qiymətdən danışıblar. Azərbaycanın ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsin reprezentativ siyahısına daxil edilməsinin əhəmiyyətini vurğulayıblar. Tədbirdə Prezidentin 1 may 2017-ci il tarixli Sərəncamlarına əsasən Azərbaycan xalçaçılıq sənətinin inkişafındakı səmərəli fəaliyyətinə görə təltif olunmuş 27 nəfər xalçaçıya orden və medallar təqdim edilib. Bakı şəhəri ilə yanaşı, Şuşa, Ağdam, Bərdə, Quba, Qusar, Xaçmaz, İsmayıllı, Lənkəran, Lerik, Qazax və digər rayonlardan olan xalçaçılar çıxış edərək Azərbaycan dövləti tərəfindən xalçaçılıq sənətinə və onun nümayəndələrinə göstərilən diqqət və qayğıya görə təşəkkür ediblər. Dövlətimizin bu sahədə yürütdüyü məqsədyönlü siyasəti nəticəsində xalçaçılığın Azərbaycan iqtisadiyyatının ən gəlirli və geniş miqyaslı sahələrindən birinə çevriləcəyDindən əmin olduqlarını bildiriblər. Tədbirin sonunda "Azərxalça" ASC-nin bir qrup əməkdaşı fəxri fərmanlarla təltif olunub.