“Oğuz kağan“ dastanı möhtəşəm bir abidədir Mədəniyyət

“Oğuz kağan“ dastanı möhtəşəm bir abidədir

1-ci yazı

"Oğuz kağan" dastanı möhtəşəm bir abidədir. Dastanın əsas qəhrəmanı Oğuz kağan dastanda mədəni qəhrəman kimi təqdim edilir. Mədəni qəhrəman olaraq o, türk aləmində ilk dövlətin qurucusu və "kağan" titulunu daşıyan ilk türk hökmdarıdır. İlk dövlət atributlarını da təsbit edən odur. Dastanda həmin hadisələr Oğuz kağanın özünün dilindən belə təsvir edilib: "Mən sənlərqə boldum kağan, alalınq ya takı qalqan, tamqa bizqə bolsun buyan, kök böri bolsunğıl uran. Təmür cidalar bol orman; av yerdə yürüsün qulan, takı taluy takı mürən; kün tuğ bolğıl kök qurıqan, deb dedi – Mən sizlərə oldum kağan, alaq yay, həm də qalxan, tamğa bizə olsun buyan, (buyan – xoşbəxtlik, xilaskar, xeyirxah) göy qurd olsun uran, ( uran – uran, parol, hərbi çağırış ) dəmir nizələrlə dolu orman, ov yerində qaçsın qulan, (qulan – vəhşi eşşək) həm dəniz, həm də mürən (mürən – çay, günəş bayraq olsun, göy kurıkan" (kurıkan – düşərgə, alaçıq, çadır).
Göründüyü kimi, burada Oğuz kağanın ilk türk dövlətini qurması və həmin dövlətin ilk atributlarını təsbit etməsi təsvir olunub. Dastanda mifoloji obraz kimi təsvir edilən Oğuzun demək olar ki, uşaqlıq həyatının bütün mərhələləri özünün bədii-mifoloji ifadəsini tapıb. Belə ki, dastanda Oğuzun əksər mədəni qəhrəmanlara xas möcüzəli doğuluşu motivi çox geniş təsvir edilib. Dastanda bu ədəbi-mifoloji motivin başlanğıcı onun anasının doğum ərəfəsindəki vəziyyəti təsvir edildikdən sonra üzvi vəhdəti təşkil edən və bir-birini əvəz edən, bir-birilə bağlı olan, bir epizodun başqasından doğduğu və ardıcıl surətdə inkişaf etdiyi, onun uşaqlıq bioqrafiyasını təşkil edən birinci süjetin (qəhrəmanın "möcüzəli döllənməsi və doğulması", onun "möcüzəli surətdə boy atması", düşmənə qarşı mübarizəsi və qalib gəlməsi və s.) açılması ilə başlayır. Bu süjetin başlanğıcını gələcək mədəni qəhrəmanın anasının "möcüzəli surətdə döllənməsi" ədəbi-mifoloji motivi təşkil edir.
Gələcək qəhrəmanın anasının "möcüzəli surətdə döllənməsi" ədəbi-mifoloji motivi dünya xalqlarının mifoloji və folklor ənənəsində çox geniş yayılmış beynəlxalq mifoloji motivlərdən biridir. İstər dünya, istərsə də türk xalqlarının ədəbi-mifoloji yaradıcılıq ənənəsinə bir qayda olaraq mədəni qəhrəmanların əksəriyyətinə onların analarının "möcüzəli surətdə döllənmələri (mayalanmaları)" və gələcək qəhrəmanın ilahi mənşəli olmaları xasdır. Döllənmə – sirli və müqəddəs fizioloji bir hadisədir (aktdır); körpə cinsi əlaqə və mayalanma nəticəsində doğulur. Bu, xalq ənənəsindən və praktiki müşahidələrdən məlumdur və ikili qiymətləndirilir – sirli və müqəddəs hadisə (akt) kimi onun baş verdiyi vaxt və şərait (vəziyyət) gələcək uşağın taleyini müəyyən edir. Möcüzəli döllənmə (mayalanma) mifoloji personajın dövrlər üzrə bir-birini əvəz edən həyatının mifoloji başlanğıc mərhələsidir. Bu akt mədəni qəhrəmanın həyatının başlanğıc funksiyasını yerinə yetirir və arxaik motiv olaraq çox zaman onun ədəbi-mifoloji bioqrafiyasının əsas hissəsinin proloqu hesab olunur.
"Möcüzəli döllənmə (mayalanma)" məhsuldarlığı simvolizə (təmsil) edən müxtəlif maddələrlə və cisimlərlə sıx bağlıdır. Müxtəlif xalqların folklorunda bu, müxtəlif bitkilərin (qoz, fındıq, alma və s.) meyvəsi və giləmeyvəsi, su, su köpüyü, xüsusən yağış köpüyü ola bilər. Möcüzəli döllənməni sıx-sıx müşayiət edən digər mühüm mifoloji simvol kimi Ay, Günəş şüası və digər səma cisimləri iştirak edə bilər.
"Möcüzəli döllənmə" və ya "möcüzəli doğuluş" mifoloji motivinin yaranma şəraiti haqqında alim mütəxəssislərin fərqli fikirlər irəli sürmələrinə baxmayaraq, onların əksəriyyətinin fikri belədir ki, bu motivin kökləri daha qədimlərə – bəşər mədəniyyətinin ən aşağı ibtidai inkişaf mərhələsinə gedib çıxır. Dünya xalqlarının mifologiyasında olduqca çox yayılmış bu cür mifoloji döllənmə, əsasən totemistik etiqad, həmçinin partenogenez (bakirə döllənmə) haqqında təsəvvürlə əlaqələndirilir və bakirə və ya ismətli döllənmə mifi adlanır. Alimlər partenogenez (bakirə döllənmə) motivini əsasən anaxaqanlıq dövrü (matriatxat) ilə əlaqələndirirlər. Onların fikrincə, partenogenez – bakirə və ya ismətli döllənmə hadisəsinə, yəni kişinin iştirakı olmadan uşağın doğulmasına insanlar, doğrudan da nə vaxtsa inanıblar. Onlar soyun törədicisinin yalnız qadının olduğuna inanırdılar və hələ indi də buna inananlar var. Görkəmli rus türkoloqu V.M.Jirmunskinin də fikrincə, bu mifoloji motivlər anaxaqanlıq dövründə meydana çıxıb. O, öz fikrini belə əsaslandırır: "Tayfanın başçısı və vətənin müdafiəçisi olan qəhrəmanın ideal obrazını epik əfsanələrdə (rəvayətlərdə) təcəssüm etdirmiş xalq fantaziyası, onun qeyri-adi şəraitdə həyata keçirilib və gələcək həyat yolu üçün əlamətdar olacaq möcüzəli doğulduğunu tez-tez qeyd edir. Möcüzəli doğuluşun ən qədim motivləri eposla nağılı birləşdirir və insan cəmiyyətinin inkişafının ilkin mərhələsində təşəkkül tapıb və hər yerdə yayılmış xalq təsəvvürünə gedib çıxır. Belə ki, "bakirə döllənmə" (partenogenez) motivinin bir çox formaları anaxaqanlıq dövrü (matriatxat) ilə əlaqədardır. Qəhrəmanın atası yoxdur və möcüzəli şəkildə döllənmiş qızdan – anadan doğulur... Nə vaxtsa xalq inancı ilə ümumi olmuş bu cür təsəvvür, idealizəedici poetik motiv kimi, xalq qəhrəmanını qeyri-adı mühitlə əhatə edən adi şeydən yaranan möcüzəli hadisə kimi nağıl və eposlarda mühafizə edilərək qalıb". V.M.Jirmunski son tədqiqatlarında da E.S. Hartlandın araşdırmalarına əsaslanaraq göstərir ki, möcüzəli doğuluş motivi yaranması etibarilə "analıq soyu dövrünə gedib çıxan partenogenezis (bakirə döllənmə) haqqında ibtidai təsəvvürlə əlaqədardır. Daha sonrakı dövrdə bu folklor motivləri qəhrəmanın tərcümeyi-halında möcüzəli ənənəvi element kimi epos və nağılda qalıb".
"Oğuz kağan dastanı"nın əlyazma mətninin əvvəlinin itirilməsi səbəbindən orada Oğuzun anasının hansı şəraitdə və necə döllənməsi ədəbi-mifoloji motivi bütöv şəkildə öz əksini tapa bilməyib. Əsərin əlimizdə olan əlyazma mətninin birinci səhifəsində Oğuzun anası doğuş ərəfəsində belə təsvir olunur: "Bolsunğıl, deb dedilər. Anunq anqağusu oşbu turur. Takı mundan sonq sevinç taptılar. Kenə künlərdən bir kün Ay kağannunq közü yarıb bodadı, erkək oğul toğurdı – Qoy olsun - dedilər. Onun görünüşü budur... Bundan sonra sevinc tapdılar. Yenə günlərin bir günü Ay kağanın gözü parladı, oğlan doğdu".
Göründüyü kimi, dastanda Oğuzun anasının hamiləliyinin baş verməsi barəsində dolğun məlumat verilməsə də, Ay kağanın bu cür təsvirindən çıxış edən tədqiqatçı-alimlər Oğuzun anasının Günəş şüalarından mayalanaraq hamilə qaldığı, yəni Oğuzun səmavi mənşəli olub, işıq şüasından əmələ gəldiyini göstərirlər. Türklərin mifoloji düşüncəsinə görə, hamilə qadının doğuş zamanı gözlərinin parlaması möcüzəli doğuşla əlaqədar olub, dölün Günəş və ya Ayla möcüzəli mayalanması ilə bağlıdır. Dünya folklorunun bir çox nümunələrində bu cür möcüzəli doğuşların, adətən soyun ulu babasının, mədəni qəhrəmanların doğuluşu zamanı baş verdiyi göstərilir. Oğuzun da anasının Günəş şüalarından hamilə qalması barəsində bilgilərin olması cox güman ki, dastanın ilkin əlyazma mətnində bu mifin ən qədim layını təşkil edib və şifahi yaddaşda qalıb. Dastan yazıya köçürülərkən bu şəkildə orada özünə yer tapıb. Hətta bu gün türklər arasında oğlu olan anaya "gözlərin aydın olsun"- deyə gözaydınlığı verilməsini həmin mifoloji düşüncənin günümüzə gəlib çıxan təsdiqi kimi göstərmək olar.
Qəhrəmanın Günəş şüasından möcüzəli surətdə doğulması motivi türk xalqlarının eposlarında ən çox yayılmış və sabit motivlərdən biridir. Bu motiv ən intensiv bədii inkişafını və poetik dolğunluğunu "Oğuz kağan dastanı"nın təsiri ilə saxlayıb. Məhz "Oğuz kağan dastanı"nın təsiri ilə türk xalqlarının epik yaradıcılığında bu motiv daha da inkişaf etdirilib. Bu mənada türklərin Çingiz xan haqqında yaratdıqları "Çingiz xan haqqında dastan" – "Çingiznamə" də mühüm əhəmiyyət kəsb edir. Bu dastanda Çingizin anası Alanqunun Günəş şüalarından Çingizə hamilə qalmasının daha ətraflı təsvir edilməsinə istinad edərək deyə bilərik ki, türklər arasında bu mifin kökləri daha qədimdir və türk xalqlarının sonrakı dastan yaradıcılığında "Oğuz kağan dastanı"nın təsiri ilə yaranıb.
"Çingiznamə"də göstərilir, əri ölmüş Alanqu deyir ki, onun bir oğlu doğulacaq və xalqı idarə edəcək. Bu sözlərinə görə, digər oğlanları onu yalan danışmaqda günahlandırırlar. Bu xəbərə xalqın da inanmadığını görən Alanqu onlara deyir: "Deyəsən, siz də mənə inanmırsınız; yaxşı olar ki, üç nəfəri mənə keşik çəkməyə qoyasınız. Duyun-Bayan qabaqcadan xəbər verirdi ki, yeni doğulan uşaqdan öncə parlaq ulduz peyda olacaq, sonra qurda çevriləcək və yox olacaq. Xalq heç nə demədi. Alanqudan xəlvəti isə ona müşahidə üçün üç keşikçi qoydular: Pşakı, Eryanı və Odaşı. Onlar keşik çəkməyə başladılar. Budur, bir dəfə səmadan işıq düşdü; qorxudan onlar huşlarını itirib yıxıldılar, bir az keçəndən sonra özlərinə gələndə isə bir-birindən soruşdular:
– O işıq hara yox oldu?
Heç kim bilmədi.
– Diqqətlə keşik çəkməliyik; o, qurd kimi çıxmalıdır.
Budur, az keçdi, çox keçdi, at böyüklükdə boz bir qurd çölə çıxdı, geriyə baxdı və meşəyə getdi. Keşikçilər boz qurdu yaxşı gördülər və Alanqunun oğlanlarına dedilər:
– İndi Alanqunun qabaqcadan dediklərinin hamısı olacaq".
Doğrudan da dastanda göstərildiyi kimi: "Bir neçə vaxtdan sonra o bir oğlan doğdu".
Günümüzə bir neçə variantda gəlib çıxmış "Çingiz xan haqqında dastan" – "Çingiznamə"də Çingizin anasının Günəş şüalarından döllənməsi nəticəsində hamilə qaldığı parlaq şəkildə təsvir edilib. Türklərin mifik təsəvvürünün məhsulu olan bu abidə onunla əhəmiyyətlidir ki, bu abidədə Günəş şüalarından döllənmə motivinin olması onu göstərir ki, qədimdə türklərin epik ənənəsində belə bir ədəbi-mifoloji motiv olub. Yeganə əlyazma nüsxəsinin Oğuzun doğuluşuna qədər əvvəlki səhifələrinin məlum olmayan səbəbdən itməsinə görə, "Оğuz kağan dastanı"nda isə Oğuzun anası Ay kağanın Günəş şüaları vasitəsilə döllənməsi haqqında məlumatların qalmamasına baxmayaraq "Çingiz xan haqqında dastan"a istinad edərək söyləyə bilərik ki, dastanın əvvəlində belə bir ədəbi-mifoloji motiv olub. Dastanın əvvəlindəki hissəsindən bunun müşahidə edilməsinə baxmayaraq, Oğuzun anası Ay kağanın necə döllənməsi (mayalanması) haqqında tədqiqatçılar arasında bu günə qədər hamının qəbul edə biləcəyi yekun fikir formalaşmayıb.

İsmixan Osmanlı,
filologiya üzrə fəlsəfə doktoru