Rauf Abdullayevin yaradıcılıq gecəsi keçirilib Mədəniyyət

Rauf Abdullayevin yaradıcılıq gecəsi keçirilib

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış dirijor, xalq artisti Rauf Abdullayevin 80 illik yubileyinə həsr edilən yaradıcılıq gecəsi keçirilib.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, nazirliyin təşkilatçılığı ilə reallaşan tədbirdə nazir Əbülfəs Qarayevsənətkarı yubileyi və bu yaxınlarda prezidentin imzaladığı sərəncamla "İstiqlal" ordeni ilə təltif olunması münasibətilə təbrik edərək onun milli musiqimizin inkişafındakı xidmətlərindən danışıb. Nazir bildirib ki, Azərbaycan musiqisinin inkişafında və dünya miqyasında tanıdılmasında böyük bəstəkarın misilsiz xidmətləri olub.
Rauf Abdullayev 1959-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirib, daha sonra 1960-1965-ci illərdə Leninqrad Dövlət Konservatoriyasında opera və simfonik orkestr dirijorluğu fakültəsində təhsil alıb. Görkəmli dirijorun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri bir çox xarici ölkələrdə böyük uğurla çıxış edib. Rauf Abdullayevin musiqi sənəti sahəsindəki xidmətləri dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib. O, 1970-ci ildə əməkdar incəsənət xadimi, 1982-ci ildə xalq artisti fəxri adlarına, 1988-ci ildə Dövlət mükafatına layiq görülüb, 1997-ci ildə "Şöhrət", 2012-ci ildə "Şərəf", 2017-ci ildə "İstiqlal" ordeni ilə təltif edilib.
Respublikanın elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri tədbir konsert proqramı ilə davam edib. Yubiley gecəsi Rauf Abdullayevin dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında musiqilərlə müşayiət olunub.